Xəbər lenti

ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı
Dünya 17:48 17.05.2026

ABŞ Polşadan qoşunlarını çıxarır? - Varşava real vəziyyəti açıqladı

ABŞ Avropadakı hərbi rotasiya dəyişiklikləri çərçivəsində planlaşdırılan hərbçilərin artıq 20%-dən çoxunu və hərbi texnikanın təxminən 70%-ni Polşaya göndərib. Bu barədə Polşanın Milli Təhlükəsizlik Bürosu məlumat yayıb.
 
Qaynarinfo xəbər verir ki, məlumatı "Wiadomości” nəşri dərc edib.

Milli Təhlükəsizlik Bürosunun açıqlamasında bildirilir ki, hazırda ABŞ qüvvələrinin rotasiyası Texas ştatındakı "Fort Hood” bazasından olan 1-ci Süvari Diviziyası tərəfindən həyata keçirilir. Qurum hesab edir ki, Almaniyadan çıxarıldıqdan sonra ABŞ-ın 2-ci Süvari Alayı əvvəllər Polşada yerləşdirilməsi planlaşdırılan tank briqadası qrupunun bir hissəsini əvəz edə bilər.

Büro həmçinin 2020-ci ildə imzalanmış və ABŞ qoşunlarının Polşada yerləşdirilməsini tənzimləyən gücləndirilmiş müdafiə əməkdaşlığı sazişinə dəyişikliklərlə bağlı dəqiq razılaşmaların olmadığını vurğulayıb. Polşa Müdafiə Nazirliyi hələlik ABŞ qüvvələrinin Polşaya köçürülməsi cədvəlində dəyişikliklərlə bağlı əvvəlcədən məlumat almadığını bildirib.

Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartos Qrodetski "X” sosial şəbəkəsində yazıb ki, ABŞ Polşanın ən vacib strateji tərəfdaşı və təhlükəsizlik təminatçısı olaraq qalır. Onun sözlərinə görə, Polşadakı ABŞ Silahlı Qüvvələrinin hərbçiləri və mülki əməkdaşlarının ümumi sayı sabit deyil və təxminən 10 min nəfər civarında dəyişir.

"Milli Təhlükəsizlik Bürosunun qiymətləndirməsinə görə, rotasiyanın dayandırılması və ABŞ iştirakının azaldılması ilə bağlı xəbərlər birbaşa Polşaya aid deyil”, deyə Qrodetski vurğulayıb.

Bundan başqa, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da ABŞ hərbi iştirakının azaldılması barədə heç bir qərarın qəbul edilmədiyini bildirib. O əlavə edib ki, Polşa-ABŞ münasibətləri "gündəlik əməkdaşlıq, qarşılıqlı sədaqət və etimada əsaslanır”.

Daha əvvəl "Defense News” yazmışdı ki, Pentaqon zirehli briqadanın Polşada yerləşdirilməsini qəfil ləğv edib. Nəşrin məlumatına görə, ABŞ ordusu 1-ci Süvari Diviziyasının 2-ci Zirehli Briqada Döyüş Qrupunun – 4 mindən çox hərbçi və aidiyyəti texnikanın – Polşaya göndərilməsini dayandırıb.

Mayın 12-də Konqresdə ordunun büdcə vəziyyəti ilə bağlı keçirilən dinləmələr zamanı nə ABŞ ordusunun naziri Den Driskoll, nə də Baş Qərargah rəisinin müavini general Kristofer LaNev bu qərarla bağlı açıqlama veriblər.
 
Aydın
--> -->