"Vilyena xəzinəsi” adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir.
Qaynarinfo "Science Alert”ə istinadən xəbər verir ki, tədqiqatçılar mat görünüşlü bilərzik və qızıl işləməli paslı yarımkürənin Yer mənşəli metaldan deyil, göydən düşən meteoritlərin dəmirindən hazırlandığını müəyyən ediblər.
Araşdırmaya İspaniya Milli Arxeologiya Muzeyinin konservasiya şöbəsinin keçmiş rəhbəri Salvador Rovira-Llorens rəhbərlik edib. 2024-cü ildə dərc olunan tədqiqat göstərir ki, 3 min ildən çox əvvəl Pireney yarımadasında metallurgiya texnologiyaları düşünüldüyündən daha inkişaf etmiş olub.
"Vilyena xəzinəsi” 1963-cü ildə İspaniyanın müasir Alikante bölgəsində aşkarlanıb. O vaxtdan bu kolleksiya Pireney yarımadasında və ümumilikdə Avropada Tunc dövrünün ən mühüm zərgərlik nümunələrindən biri hesab olunur.
Lakin kolleksiyanın yaşını müəyyənləşdirmək iki əşya səbəbindən çətinləşib. Bunlardan biri ehtimal ki, əsanın və ya qılınc dəstəyinin hissəsi olmuş kiçik içiboş yarımkürə, digəri isə boyun halqasına bənzəyən tək bilərzikdir.
Hər iki əşya arxeoloqların "dəmir görünüşlü” adlandırdığı xüsusiyyətə malikdir, yəni zahirən dəmirdən hazırlanmış təsiri bağışlayır.
Məlumdur ki, Pireney yarımadasında Dəmir dövrü yalnız e.ə. təxminən 850-ci ildən başlayıb. Halbuki xəzinədəki qızıl əşyalar e.ə. 1500–1200-cü illərə aid edilir. Bu isə həmin "dəmir” əşyaların xəzinədə necə yer aldığını böyük sirrə çevirib.
Alimlər qeyd edirlər ki, Yer qabığından çıxarılan dəmir yeganə mənbə deyil. Dəmir dövründən əvvəl hazırlanmış bir çox artefakt meteorit dəmirindən düzəldilib. Ən məşhur nümunələrdən biri Misir fironu "Tutanxamon”un meteorit dəmirindən hazırlanmış xəncəridir.
Bu səbəbdən "Vilyena” Bələdiyyə Arxeologiya Muzeyi tədqiqatçılara hər iki artefaktı diqqətlə araşdırmağa icazə verib. Alimlər nümunələri kütlə spektrometriyası vasitəsilə analiz edərək onların tərkibindəki nikel miqdarını müəyyənləşdiriblər.
Güclü korroziyaya baxmayaraq, nəticələr həm yarımkürənin, həm də bilərziyin meteorit dəmirindən hazırlandığını göstərib.
Bu nəticə artefaktların xəzinənin digər hissələri ilə eyni dövrdə — təxminən e.ə. 1400–1200-cü illərdə hazırlandığını təsdiqləyib.
Alimlər bildiriblər:
"Mövcud məlumatlara əsasən, Vilyena xəzinəsindəki başlıq və bilərzik Pireney yarımadasında meteorit dəmirindən hazırlanmış ilk iki artefakt hesab oluna bilər. Bu da onların geniş yayılmış yer mənşəli dəmir istehsalından əvvəlki Son Tunc dövrünə aid olduğunu göstərir”.
Bununla belə, artefaktların güclü korroziyaya uğraması səbəbindən nəticələrin tam dəqiq olmadığı vurğulanır.
Aydın
Şərhlər