Bakıda yerləşən Allahverdi Xəlilov adına 263 nömrəli tam orta ümumtəhsil məktəbində şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə şəhid mayor Vüsal Vəliyevin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, AMEA-nın əməkdaşı, şair Mahir Cavadlı, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir çərçivəsində məktəbin 1 "A” sinfinə şəhid mayor Vüsal Vəliyevin adı verilib.
Tədbiri giriş sözü ilə açan sinif rəhbəri Gülbəs müəllimə bildirib ki, məktəbdə şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunur, şəhidlərin xatirəsi daim uca tutulur. Onun sözlərinə görə, gənc nəslin milli ruhda formalaşdırılması müəllimlərin ən müqəddəs vəzifələrindən biridir.
Çıxışlarda mayor Vüsal Vəliyevin həyat və döyüş yolundan bəhs olunub. Qeyd edilib ki, Vüsal İslam oğlu Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. O, Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. 2009-cu ildən etibarən Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax və Murovdağ istiqamətlərində müxtəlif komandir vəzifələrində xidmət edib.
Mayor Vüsal Vəliyev 2020-ci il Vətən müharibəsində həmlə taborunun komandiri kimi iştirak edib, Murovdağdan Şuşayadək şərəfli döyüş yolu keçib. O, 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub və Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə”, "İgidliyə görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Məktəbin direktoru Nurqələm müəllimə çıxışında təhsil ocağında şəhid adının yaşadılmasının böyük qürur olduğunu bildirib. O vurğulayıb ki, mayor Vüsal Vəliyevin vətən sevgisi, qəhrəmanlığı və döyüş əzmi gələcək nəsillər üçün örnəkdir.
Tədbirin bədii hissəsində məktəblilər şəhid mayorun xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Şagirdlərin hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynur müəllimə qeyd edib ki, təhsil ocağında şəhidlərin döyüş yolu şagirdlərə mütəmadi olaraq təbliğ olunur və bu kimi tədbirlər milli-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayır.
Çıxış edən Şahin Məmmədov və şair Mahir Cavadlı tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, şəhidlərin xatirəsinin yaşadılmasına görə təşkilatçılara təşəkkür ediblər.
Sonda çıxış edən Əpoş Vəliyev ailəsi adından məktəb rəhbərliyinə, təşkilatçılara, müəllim və valideyn kollektivinə minnətdarlığını bildirib.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılmış "Şəhidlər lövhəsi”ni ziyarət edib, qəhrəmanların adını daşıyan sinif otaqları ilə tanış olublar. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
Şərhlər