Xəbər lenti

Ermənistanda yeni parlament seçkiləri keçiriləcək? (ŞƏRH)
Dünya 18:37 20.02.2025

Ermənistanda yeni parlament seçkiləri keçiriləcək? (ŞƏRH)

"Yaxın 2-3 ay ərzində Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalı azdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan müxalif təşkilatının rəhbəri Paruyr Ayrikyanın yaxın 2, uzağı 3 aya ölkədə seçkilərin keçiriləcəyilə bağlı proqnozunu şərh edərkən deyib:
 
"Müxalifətin iddialarına baxmayaraq, yaxın 2-3 ay ərzində Ermənistanda parlament seçkilərinin keçiriləcəyi ehtimalı çox azdır. Ermənistan Konstitusiyasına görə, növbədənkənar parlament seçkiləri yalnız baş nazirin istefa verməsi və Milli Assambleyanın 14 gün ərzində iki dəfə yeni baş naziri seçə bilməməsi şərti ilə başlaya bilər. Həmin proses yüksək səviyyədə siyasi koordinasiya tələb edir ki, bu da hazırda müşahidə olunmur”. 

Digər tərəfdən, ekspertə görə, Paşinyanın rəhbərlik etdiyi təşkilatın parlamentdə çoxluğa sahib olması da yaxın aylarda seçkilərin keçirilməsini mümkünsüz edir:

"Nikol Paşinyan hökuməti Milli Assambleyada güclü çoxluğa malikdir. Mülki Müqavilə partiyası 107 yerdən 71 yerə sahibdir. Bu isə o deməkdir ki, müxalifətin etimadsızlıq səsverməsi yolu ilə erkən seçkiyə məcbur etmək üçün arqumentləri yoxdur. Paşinyan özü istefaya getməyə hazır olmadığını nümayiş etdirdiyinə görə növbədənkənar seçkilər mümkünsüzdür”.
 


Həmsöhbətimiz müxalifətin sərgilədiyi siyasi strategiyanın da onun uğuruna gətirib çıxarmayacağı qənaətindədir:

"Ermənistan müxalifəti Qarabağ məsələsində üstünlük əldə etmək və Azərbaycanla münasibətlərdə söz sahibi olmaq uğrunda nəticə əldə etmək üçün Paşinyanın istefasını tələb edir. Lakin onların uğur qazanmaq imkanları yoxdur. Bu da Ermənistanda hakimiyyət dəyişkliyinə gətirib çıxara bilməz”. 

Ə.İbrahimovun fikrincə, Qərb və Rusiya da hazırda Ermənistanda növbədənkənar seçkilərin keçirilməsində maraqlı deyillər:
 
"Ermənistanın mürəkkəb geosiyasi vəziyyətini nəzərə alsaq, istənilən seçki burada vəziyyəti məcrasından çıxara bilər. Məhz, buna görə də Rusiya və Qərb dövlətləri növbədənkənar seçkilərin keçirilməsinə maraq göstərmirlər. Bu məqamda gözlənilməz siyasi böhran baş verməsə Paşinyanın istefaya getməsi gözlənilmir”. 

Politolooq qeyd edir ki, müxalifətin bu istiqamətdəki bəyanatları, sadəcə olaraq dəstək toplamaq və siyasi təzyiqi artırmaq məqsədi daşıyır. 

Qeyd edək ki, Ermənistanın müxalif "Milli özünütəyin” hərəkatının rəhbəri Paruyr Ayrikyan yaxın 2, uzağı 3 aya Ermənistanda yeni parlament seçkilərinin keçiriləcəyini bəyan edib:

"Sizi inandırıram, iki, ən geci üç aydan sonra bizdə seçkilər, yeni Konstitusiya baş tutacaq ki, bu da nümayəndəlik orqanı - Milli Məclis vasitəsilə baş naziri cilovlamağa imkan verəcək”. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->