El arasında kiməsə inanmayanda, bel bağlamayanda deyirlər ki, filankəsin ipinin üstünə odun yığmaq olmaz. Azərbaycanlı futbol hakimlərinin əksəriyyəti də bu cür təbəqəyə aiddir. Onların hansısa klubu davamlı "dartdığını”, yaxud da "badalaq atdığını” demək olmaz. Sanki gizli bir əl var, hakimlərimiz də o əlin çaldığı havaya oynayırlar.
Necə ki, qısa müddət ərzində "Turan Tovuz” bizim hakimlərdən həm razı qaldı, həm də narazı. Cəmi iki tur bundan əvvəl qərb təmsilçisi Respublika stadionunda "Qarabağ”ı 2:1 hesabıyla məğlub etdi. "Köhlən atlar” həmin qarşılaşmada hesabı erkən açmışdılar və uzun müddət hesabda öndə olmağın rahatlığı ilə vaxtı "öldürməyə” çalışdırlar. Amma oyunun sonları "Qarabağ” üçün əsl şoka çevrildi. "Qarabağ”ın qapısına vurulan ilk qol zamanı qaydanın pozulmasına dair şübhələr var idi. Çoxları, o cümlədən də Qurban Qurbanov belə düşünürdü ki, qonaq komandanın müdafiəçiləri künc zərbəsi zamanı Şahruddin Məhəmmədəliyevin topa çıxışına mane olub, onu "pressləyiblər”. Fikirlər haçalandı, Qurban bəyi haqlı çıxaranlar da oldu, ona etiraz edənlər də. İkincilər birldirdi ki, "Qarabağ” uduzduğu üçün Qurbanov belə danışır.
Bir vacib məqamı sizə xatırladım, söhbətimizə davam edək. Həmin görüşdə baş hakim Cavid Cəlilov idi. Oyundan sonra hakimlərimizə rəhbərlik edən belçikalı sədr Frank De Blekere Cəlilovun qərarını haqlı saymış, qapıçıya qarşı qayda pozuntusunun olmadığını bildirmişdi. Jurnalistlərə açıqlama verən "Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev də hakimləri tərifləmişdi. Sitat: "Xüsusən də qeyd etməliyəm ki, hakimlər komitəsindəki dəyişiklik çempionatımıza müsbət təsir edib. Bizi gözəl günlər gözləyir”. Gözəl günlər gəldi...
Cəmi iki tur sonra hər şeyin əksi baş verdi. "Turan Tovuz” "Sabah”la oyunun ilk yarısını öndə tamamlasa da, sonda 1:2 hesabıyla məğlub oldu. Az öncə adını sizə xatırldatdığım Cavid Cəlilov bu dəfə VAR otağında əyləşmişdi. "Turan Tovuz” İnqilab Məmmədovun baş hakim olduğu, Cavid Cəlilovun ona VAR-dan kömək etməyə çalışdığı qarşılaşmanın idarəçiliyindən narazı qalıb. Bununla bağlı xüsusi bəyanət və videoçarx da yayımlayıb. Əsas narazılıq "Sabah”ın ikinci qolundan əvvəl Rəhim Sadıxova qarşı kobudluq edilməsinə görə cərimə zərbəsinin təyin olunmaması, İnqilab Məmmədovun auta işarə verməsidir. Tamamilə haqlıdırlar. Bunu De Blekere də etiraf edib. Amma Molla Nəsrəddinin "Üzrü günahından betər” lətifəsində olduğu kimi. Belçikalı sədr deyir: "58-ci dəqiqədə meydanın "Sabah”a aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır... Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz”.
Belçikalı sədr dolayısıyla səhvin olduğunu etiraf edir. Di gəl ki, bu səhvi Cavidin yox, İnqilabın ayağına (vicdanına) yazır. "Turan Tovuz” azarkeşi üçün səhvə kimin yol verməsinin nə əhəmiyyti var? İnqilab olsun, yoxca Cavid?! Əsas odur ki, bölgə təmsilçisinin haqqı yeyilib, oyunda ədalət pozulub. Görünür, De Blekere üçün Cavidin yox, İnqilabın günahkar çıxarılması daha vacibdir, VAR hakimini qorumaq tapşırığı alıb. Olan oldu, keçən də keçdi. İki tur öncə Ehtiram Quliyevin təriflədiyi adamlar indi onun komandasını məğlubiyyətə məhkum etdilər. Biz belə şeylərə öyrəncəliyik. Ümid edirəm ki, Ehtiram bəy də hakimlərimizə bələd olacaq, De Blekerenin rəhbərlik etdiyi komitəni tərifləmək üçün bundan sonra tələsməyəcək.
Amal Abuşov
Şərhlər