ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Rusiya-Ukrayna müharibəsinin tələsik sülh razılaşması ilə başa çatdırılmasının təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bolton Politico-ya müsahibəsində
danışıb.
Keçmiş müşavir bildirib ki, Ukraynada müharibənin tez bir zamanda dayandırılması Rusiya lideri Vladimir Putinin məqsədləri qarşısında "demək olar ki, təslim olmaq" deməkdir. O, həmçinin müharibənin tələsik bitməsinin ABŞ-ın NATO-dan çıxışına yol aça biləcəyini vurğulayıb.
"Mən düşünürdüm ki, Tramp NATO-dan çıxacaq və hələ bunu etməyib, amma artıq musiqinin səslənməyə başladığını eşitmək olar. Atəşkəs elan olunacaq, demilitarizasiya olunmuş zona yaradılacaq, danışıqlar başlayacaq, Ukrayna NATO-ya qoşulmamaq öhdəliyini götürəcək – bu, əslində, Kreml tərəfindən yazılmış senariyə bənzəyir," – deyə Bolton qeyd edib.
Bolton Böyük Britaniyanın baş naziri Kir Starmerin atəşkəs rejimini təmin etmək üçün Ukraynada Britaniya qoşunlarını yerləşdirməyə hazır olması ilə bağlı sözlərinə isə istehzalı yanaşıb.
"Mən sülhməramlı qüvvələrin yerləşdirilməsinə qarşıyam. BMT təcrübəsi göstərib ki, belə qüvvələr yerləşdirildikdən sonra daimi hala çevrilə bilər və bu, nəticədə Ukraynanın faktiki bölünməsinə, zamanla isə bu bölgünün de-yure tanınmasına səbəb ola bilər", – deyə o bildirib.
Bolton əlavə edib ki, Avropa İttifaqında hansı növ sülhməramlı qüvvələrin nəzərdə tutulduğu ilə bağlı müzakirələr eşitməyib.
"Bu, atəşkəsin təmin edilməsidir və belə olduqda sülhməramlıların güc tətbiq etmək səlahiyyəti olacaqmı? Yoxsa bu, BMT tipli qüvvələr olacaq, yəni pozuculara sadəcə əl edəcəklər və onlar da yoluna davam edəcək?" – Bolton vurğulayıb və bunun kritik fərqlər olduğunu bildirib.
Keçmiş müşavir hesab edir ki, Avropa Ukraynanı daha qətiyyətlə dəstəkləməli, silah tədarükünü artırmalı və planlar qurmaq əvəzinə, praktiki dəstək verməlidir.
"Atəşkəs danışıqlarını aparmaq məcburiyyəti yoxdur. Əgər Ukraynanın ərazilərinin geri qaytarılması perspektivindən imtina etməyə hazır deyilsinizsə, mövcud təmas xəttinin dondurulması çox təhlükəli ola bilər," – deyə o bildirib.
Xatırladaq ki, Bolton daha öncə də Trampı tənqid edib. Fevralın 13-də o, Respublikaçı liderin Rusiya ilə danışıqlardan əvvəl Ukraynanın güzəştə getməyə hazır olması barədə bəyanatını Putinə "faktiki təslim olmaq" kimi qiymətləndirib.
Fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya xarici işlər naziri Sergey Lavrov və Kreml müşaviri Yuri Uşakov ABŞ-dan olan nümayəndə heyəti ilə görüş keçiriblər. ABŞ-ı dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Mayk Volts və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoff təmsil edib.
Danışıqlardan sonra ABŞ Dövlət Departamenti bəyan edib ki, tərəflər ikitərəfli münasibətlərdəki "gərginliyi azaltmaq" və Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazırlıq işlərini davam etdirmək barədə razılığa gəliblər.
Fevralın 20-də Tramp bəyan edib ki, Rusiya potensial sülh danışıqlarında "kozıra sahibdir", çünki "böyük əraziləri nəzarətə götürüb".
Alpər
Şərhlər