Xəbər lenti

Siyasət 16:29 21.02.2025

"Azərbaycan növbəti müharibədə maraqlı deyil" - Politoloq

"Azərbaycanın belə bir gündəmi yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Zəngəzur dəhlizinin açılmamasının növbəti müharibəyə səbəb ola biləcyi ehtimalını şərh edərkən deyib. 

Ekspert deyir ki, Zəngəzur dəhlizilə bağlı gündəm süni olaraq təbliğ olunur:
 
"Müharibəyə başlamaq çox asandır. Ancaq onun nəticələrini həzm etmək və həzm etdirmək müharibədən daha artıq problemdir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, hələ də ölkəmizə müharibənin nəticələrilə bağlı təzyiqlər mövcuddur. Baxmayaraq ki, Azərbaycan BMT nizamnaməsinə görə özünümüdafiə və torpaqlarını azad etmək hüququndan istifadə edərək işğalı sona çatdırıb. Burada hüquqdan kənar heç bir addım yoxdur. Buna rəğmən guya Azərbaycanın ermənilərə qarşı etnik təmizləməsi barədə yalanlar yağdırılır və bu istiqamətdə ölkəmizə təzyiqlər edilir”.
 


Politoloq qeyd edir ki, müharibəni başlamaq üçün əsas, zəmin və mühit lazımdır:
 
"Azərbaycan öz ərazi bütövlüyünü və süverenliyini tamamilə təmin edib. Belə olan halda, Azərbaycanın növbəti müharibədə maraqlı olmadığı ortaya çıxır. Azərbaycanın belə bir gündəmi yoxdur. Zəngəzur dəhlizi fəaliyyətə başlasa, bütün region ölkələri bundan qazanacaq. Ancaq Azərbaycan bunu dünyada baş verən qeyri-müəyyənliklər, qarşıdurmalar fonunda müharibə yolu ilə həll etmək istəməz. Ola bilsin ki, ermənilər tərəfindən təxribatlar kontekstində lokal toqquşma baş versin”. 

Ekspert düşünür ki, Ermənistan da bunda maraqlı deyil:

"Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqelər xeyli yaxınlaşıb. İranın da ona ciddi müqavimət göstərmək imkanı yoxdur. Yəni İran da bu məsələdə lazım olandan artıq katolik olmağa çalışmayacaq. Hər şey həllə doğru gedərkən müharibə gündəmini süni olaraq yaratmaq xüsusi qrupların ortaya atdığı ideyadır. Ermənistan rəhbərliyinin fikirlərində də əsaslı dəyişikliklərin olduğunu sezirik. Burada Ermənistanın istədiyi qarşılılıqlıq prinsipi işləmir. İrəvan Culfadakı dəmiryolundan istifadə edərək İrana keçid istəyir. Düşünürəm ki, Azərbaycan da bununla bağlı problem yaratmır. Ancaq beynəlxalq hüquq və yüklərin daşınması hüququ çərçivəsində Bakının İrəvandan müəyyən tələbləri var. Belə bir keçid istəyən dünyada mövcud olan təcrübədən istifadə edərək, onu təmin edə bilər. Ancaq burada Azərbaycandan Azərbaycana, yaxud da Ermənistandan Ermənistana prinsipi keçərli deyil. Burada kömrük rüsumları və yoxlanışlar məcburidir”.

Qeyd edək ki, 44 günlük müharibə bitən dövrdən Zəngəzur dəhlizinin açılması gündəmdə olsa da, hələ də Ermənistan bu istiqamətdə real addımlar atmaq istəmir. Digər tərəfdən, İranda bu dəhlizin açılmasını özü üçün "qırmızı xətt” elan edib. Bu fonda bir çoxları iddia edir ki, Zəngəzur dəhlizi açılmasa onun üstündə növbəti müharibə alovlana bilər. Hansı ki, bir sıra ölkələr regionda yenidən gərginliyin olmasına çalışır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->