Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Məlumata görə, paket əsasən maliyyə sektorunu hədəf alacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasiuk "Ukrinform”a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Böyük Britaniyanın yaxın günlərdə elan edəcəyi yeni geniş sanksiyalar paketi xüsusilə maliyyə sektoruna yönələcək.
Vlasyuk bildirib ki, mayın 20-də qəbul edilən son sanksiyalar paketində Rusiyadan uranın idxalı, alınması və üçüncü ölkələr vasitəsilə tranziti qadağan edilib. Bundan başqa, Rusiyanın hərbi-sənaye kompleksi üçün istifadə olunan məhsullara ixrac nəzarəti genişləndirilib.
Sanksiyalar çərçivəsində mikrosxem, çip və pilotsuz uçuş aparatlarının istehsalında istifadə olunan kimyəvi maddələr, metallar və avadanlıqlar da məhdudiyyət altına düşüb.
Ukrayna rəsmisinin sözlərinə görə, yeni məhdudiyyətlərə bəzi tikinti xidmətləri də daxil edilib. Belə ki, Rusiya ilə əlaqəli şəxslər üçün memarlıq və mühəndislik xidmətləri ilə yanaşı, müəyyən tikinti işlərinin görülməsi də qadağan olunacaq.
Bundan əlavə, Böyük Britaniya Rusiya ilə əlaqəli dəniz gəmilərinə nəzarəti gücləndirib. London həmin gəmilərin sanksiya siyahısına salınması üçün meyarları genişləndirib, yeni lisenziyalaşdırma qaydaları tətbiq edib və onlara bir sıra dəniz xidmətlərinin göstərilməsini məhdudlaşdırıb.
Xatırladaq ki, mayın 19-da Böyük Britaniyanın Maliyyə Nazirliyi üçüncü ölkələrdə Rusiya neftindən istehsal olunan dizel və kerosinin idxalına müddətsiz icazə vermişdi. Bundan sonra Ukrayna prezidenti Volodimir Zelenski Londona sanksiyaların yumşaldılması ilə bağlı siqnallar göndərdiyini açıqlamışdı.
Günay
Şərhlər