Xəbər lenti

Zaqatala Fındıq Emalı və Tədarükü Zavodu ilə bağlı 287 minlik dələduzluq
Ölkə 17:57 26.05.2026

Zaqatala Fındıq Emalı və Tədarükü Zavodu ilə bağlı 287 minlik dələduzluq

Zaqatalada yerləşən Fındıq Emalı və Tədarükü Zavodu ilə bağlı iri məbləğli dələduzluq əməli üzrə cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinyaət işi üzrə təqsirləndirilən Arif Zahidov (şərti) 5 il 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarına əsasən, Arif Zahidov həmin zavodun elektrik enerjisi ilə təmin olunması, texniki şərtlərin alınması və transformatorun quraşdırılması kimi işləri görəcəyini vəd edib. O, bu işləri icra etmək üçün real səlahiyyət və maliyyə imkanına malik olmadığı halda smeta sənədləri təqdim edərək zərərçəkmiş şəxsi inandırıb.

Daha sonra müxtəlif tarixlərdə hissə-hissə ödənişlər qəbul edilərək ümumilikdə 137 500 manat vəsait ələ keçirilib. Araşdırmalarla həmin məbləğin 86 990 manatının müxtəlif işlərin icrasına sərf olunduğu, qalan hissənin isə şəxsi ehtiyaclara yönəldildiyi müəyyən edilib.

Eyni şəxs Bakı şəhərində qeydə alınan digər epizod üzrə də cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, o, tanışı ilə qabaqcadan razılaşaraq zərərçəkmiş şəxsi yüksək qazanc vədi ilə aldadıb. Dövlətə məxsus boru xətlərinin demontajı və satışı layihəsindən gəlir əldə ediləcəyi bildirilib və nəticədə 150 000 manat məbləğində pul alınıb.

Beləliklə, iş üzrə ümumilikdə 287 500 manat məbləğində vəsaitin ələ keçirildiyi müəyyən olunub.

Seyid
--> -->