Xəbər lenti

Atasının ölümündə şübhəli bilindi, vəzifəsindən istefa verdi
Dünya 16:31 26.05.2026

Atasının ölümündə şübhəli bilindi, vəzifəsindən istefa verdi

İspaniyanın "Mango” şəbəkəsinin təsisçisi İsak Andikin oğlu Conatan Andik vitse-prezident vəzifəsini müvəqqəti tərk edib. 

Qaynarinfo xəbər verir ki, o, may ayında atasının ölümü ilə bağlı iş üzrə şübhəli şəxs qismində tanınıb.

Conatan Andik açıq məktubunda bildirib ki, şirkətdə və ailəvi, biznes və sosial layihələrdə fəaliyyətini davam etdirəcək, lakin hazırda özünü müdafiəyə fokuslanmaq niyyətindədir. Onun sözlərinə görə, məhkəmə prosesi zamanı müdafiə üçün tələb olunan diqqət və konsentrasiya onun şirkətdə yüksək məsuliyyət səviyyəsini saxlamağa imkan vermir.

O, həmçinin atasının qətlində şübhəli bilinməsini "ədalətsiz və əsassız” adlandırıb. Andik istintaqın təqdim etdiyi versiyanın "kontekstdən çıxarıldığını və təhrif edildiyini” iddia edir, lakin günahsızlığının sübut olunacağına əmin olduğunu bildirir.

71 yaşlı İsak Andik 2024-cü ilin dekabrında Barselona əyalətində gəzinti zamanı uçurumdan yıxılaraq həlak olub. Hadisə zamanı onunla birlikdə yalnız oğlu olub. Bir neçə həftə sonra iş bağlansa da, 2025-ci ilin martında məhkəmə istintaqı yenidən açıb. Polisin şübhələrinə səbəb ifadələrdəki ziddiyyətlər olub. 19 mayda Conatan Andik saxlanılsa da, ertəsi gün məhkəmə onu 1 milyon avro girov müqabilində azadlığa buraxıb.

İsak Andik 1984-cü ildə qardaşı Naxmanla birlikdə "Mango” şirkətini yaradıb. 2023-cü ildə şirkətin gəliri 3,1 milyard avro olub. Onun şəxsi sərvəti 4,5 milyard dollar qiymətləndirilib və İspaniyanın ən varlı 5 nəfəri sırasında yer alıb.

Aydın
--> -->