İqlim dəyişikliyi sürətini azaltmadığı təqdirdə, dəniz resurslarının mühüm hissəsi itiriləcək. Başqa sözlə, gələcək nəsillər üçün dəniz balığı hər kəsin əldə edə bilməyəcəyi bahalı delikatesə çevriləcək.
Qaynarinfo xəbər verir ki, elm jurnalı "The Current"in yazdığına görə, okeanların ehtiyatları sonsuz görünsə də, alimlər insan fəaliyyətinin bu ekosistemlərə kritik təsir göstərdiyi barədə xəbərdarlıq edir.
Kaliforniya universitetinin San-Fransisko şəhərindəki Milli Ekoloji Analiz və Sintez Mərkəzinin (NCEAS) tədqiqatçıları hesablayıblar ki, hazırda kifayət qədər ciddi olan təsirlərin ümumi miqdarı 2050-ci ilə qədər iki dəfə artacaq. Buraya okeanın isinməsi, balıq ehtiyatlarının azalması, dəniz səviyyəsinin qalxması, suyun turşulaşması və çirklənmə daxildir.
Beynəlxalq Kənd Təsərrüfatı və Qida Təşkilatının ötən il açıqladığı məlumatlara görə, elmi modellər əsasında aparılan hesablamalar balıq ehtiyatlarının ən azı 10 faiz azalacağını göstərir. Bu, əsrin ortalarına qədər baş verə bilər.
Ən pis ssenariyə görə, əsrin sonuna doğru qlobal istiləşmənin 3–4 dərəcə Selsiyə çatması ilə dəniz resurslarının azalması 30 faiz və ya daha çox ola bilər. Bu dəyişikliklər dünyanın 48 ölkəsinin sularını əhatə edəcək.
Daha nikbin ssenariyə əsasən isə, istiləşmə 1,5–2 dərəcə səviyyəsində qaldıqda vəziyyət sabitləşə bilər və balıq ehtiyatlarının azalması 10 faizi keçməz. Lakin bu azalma demək olar ki, bütün ölkələrə təsir göstərəcək.
Aydın
Şərhlər