Qaynarinfo bu yaxınlarda yeni çapdan çıxan "İz" kitabının müəllifi, son zamanlar "Pənahəli xanın varisi” kimi sosial şəbəkələrdə tanınan Tural İbrahimovla müsahibəni təqdim edir:
- "İz” kitabını yazmaq ideyası necə yarandı? Bu kitab sizin həyat yolunuzun hansı dönəminin izlərini daşıyır?
- Heç vaxt kitab yazacağımı düşünməmişdim. Kitab oxumağı sevsəm də, müəllif kimi özümü təsəvvür etmirdim. Soykökümlə bağlı apardığım araşdırmalar, oxuduğum kitablar mənə çox şey öyrətdi və anladım ki, mənim demək istədiklərim üç-beş müsahibəyə sığacaq deyil. Onun üçün də yazmağa qərar verdim və nəticədə "İz" yarandı.
- "İz” – özü çox dərin mənalı addır. Siz bu kitabı yazanda hansı izlərin silinməyəcəyinə inanırdınız?
- Allah insanları bənzər yaradıb. Həyatda çox insanın gözü, qaşı, burnu, dodaqları bir birinə oxşaya bilər. Hətta əkiz doğulan uşaqlar var ki, baxdıqda deyərsən, eynidirlər. Amma bütün insanları bir birindən fərqləndirən və heç vaxt da oxşar olma ehtimalı belə olmayan izləridir. Barmaq izləri. İz individualdır. Mən də öz "İZ”imi yaratmağa çalışdım. Əminəm, hər kəsdə fərqli və silinməz bir iz qoyacaq.
- Siz Pənahəli xanın nəslindənsiniz. Bu mənsubiyyət sizin dünyagörüşünüzə, həyatınıza və yazılarınıza necə təsir edib?
- Mən bu nəslin davamçısı olmağımla, bu genləri özümdə daşımağımla hər zaman fəxr etmişəm. Həyatımda hər zaman məsuliyyətli olmağı, tarixi bir ailənin daşıyıcısı olduğum üçün etalon olmağı seçmişəm. Yazılarıma gəldikdə isə demək istəyirəm ki, yazma səbəbim, yazma istedadım da o nəsildən keçib mənə. Çünki o nəsil tarixə Qasım bəy Zakir, Xurşudbanu Nətavan kimi şəxsiyyətlər bəxş edib.
- Kitabınızda daha çox şəxsi hekayəmi, yoxsa milli yaddaş və tarixi kimlik üzərində düşüncələri görəcəyik?
- Milli yaddaş və tarixi kimliyə şəxsi yanaşma. Ya da uşaqlıqdan böyüdüyüm nəslimin hekayələrinin böyük yaddaşımla qarşılaşması. Burda həm mən varam, həm yoxam.
- Yazı prosesində ən çətin an nə oldu? Sizə kimlər ilham verdi və ya dəstək oldu?
- Mənə ən çox yaşantılarım ilham verdi. Kitabın ilk səhfəsində də qeyd etdiyim kimi, atam və anamın təmənnasız sevgisindən ilham aldım. Yazı prosesində mənə ən çətin olan uşaqlıq yaddaşımla qarşılaşmaq oldu. Biz uşaqlıqdan nağıl yerinə tarixlə böyümüşük. Anam bizə nəslimizin, soyumuzun qəhrəmanlarından danışırdı. Ancaq uşaq yaddaşımızı zədələnməmək üçün bunları bir az nağıllaşdırıb danışardı. Kitabı yazarkən daha dərin qatlara gedə bildim, soyumun əzəmətinin, dövlətimin tarixnin böyüklüyünün bir daha fərqinə vardım və fəxr etdim.
- Yazı prosesində elə anlar oldumu ki, qələmi yerə qoyub dərindən köks ötürəsiniz?
- Bəli, oldu. Valideyinlərimin sevgisi qarşısında dayandım, indi belə təmənnasız, fədakar sevgilər çox azdı. Bir də tarix qarşısında dayandığım oldu. Həqiətlər hər zaman tarixin yaddaşında olduğu kimi qorunub saxlanılır. Həqiqət də insanı dayanmağa, köks ötürüb yenidən daha addımlamağa stimul, ruh verir.
- Oxucunun bu kitabdan hansı duyğu və ya mesajı özünə götürməyini istərdiniz?
- İstərdim ki, hər kəsin içində öz soykökünə dönmək, araşdırmaq istəyi yaransın. Hər birimiz Azərbaycan kimi qədim, igidləri, tarixi, elmi şəxsiyyətləri olan bir ölkədə yaşayırıq, özümüzə, kökümüzə dönmək zamanıdır. Kaş bunu kitabda ötürə bilmiş olum.
Şərhlər