"Bu təlimlər hərbi və siyasi aspektdən böyük önəm daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanla NATO arasında 2025-ci il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland mobil təlim qrupunun Bakıda keçirilən "Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kursun hərbi-siyasi əhəmiyyətini şərh edərkən deyib:
"Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda Bakıda baş tutan tədbir NATO ilə ölkəmiz arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Bu günə qədər tərəfdaşlıq ayrı-ayrı proqramlar üzrə davam edib. "Fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq proqramı”na əsasən Niderland krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu Bakıdadır. Burada hərbi əməliyyatların hüquqi aspektləri mövzusunda kurs keçirilib. Tədbirdə zabitlərlə sülhə dəstək əməliyyatının hüquqi aspektləri, mülki əhalinin hüquqları, müdafiəsi, döyüş əməliyyatı zonasında mədəni sərvətlərin qorunması, əməliyyatlara rəhbərlik edən komanda heyətinin məsuliyyəti kimi məsələlər üzrə kurs keçirilir”.
Həmsöhbətimiz qeyd edir ki, hazırda Ukrayna müharibəsində rus ordusunun vəhşilik nümayiş etdirdiyinin şahidi oluruq:
"Onlar əsir düşən ukraynalı əsgər və mülki insanları amansızcasına qətlə yetirir və videogörüntüləri paylaşırlar. Bu isə beynəlxalq hərbi cinayətdir. Bakıda baş tutan təlimin də əsas məqsədi odur ki, zabitlər məlumatlandırılsın və məsələ barədə anlayışlara malik olsunlar. Kosovoda, İraq və Əfqanıstanda bir zamanlar Azərbaycan hərbçiləri sülhməramlıların tərkibində iştirak edib. Önəmli tədbirdir. Onun siyasi tərəfi də var. Azərbaycan Qoşulmama hərəkatının üzvü olsa da, NATO ilə əməkdaşlıq çərçivəsində də aktiv fəaliyyət həyata keçirir. Ordumuzun Baş Qərargah rəisi bu yaxınlarda Brüsseldə tədbirə qatılıb. NATO rəsmiləri mütəmadi olaraq Azərbaycana gəlir. Ona görə də bu kimi təlimlərin hərbi və siyasi aspektdən böyük əhəmiyyəti var”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "Hərbi əməliyyatların hüquqi aspektləri” mövzusunda kurs keçirilir.
NATO-nun mobil təlim qrupunun təlimatçıları tərəfindən keçirilən kursun əsas məqsədi Silahlı Münaqişələr Hüququnun yaranması və prinsipləri, güc tətbiq etmək üçün hüquqi çərçivə sənədi, sülhə dəstək əməliyyatlarının hüquqi aspektləri, əməliyyatlarda hədəf almanın hüquqi aspektləri, mülki əhalinin müdafiəsi, mədəni sərvətlərin qorunması, rəhbər heyətin məsuliyyəti, NATO missiyalarında qüvvələrin statusu və imtiyazları, həmçinin sülhməramlı əməliyyatlar zamanı beynəlxalq müqavilələr mövzularında təcrübələrin aşılanmasıdır. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.
Rüfət Sultan
Şərhlər