Xəbər lenti

Arvadı mühasib, qardaşı oğlu müavin idi - Bələdiyyə sədri maaşları özü alıb- TƏFƏRRÜAT
Ekonomiks 15:27 23.02.2025

Arvadı mühasib, qardaşı oğlu müavin idi - Bələdiyyə sədri maaşları özü alıb- TƏFƏRRÜAT

12 il bələdiyyə sədri olmuş 64 yaşlı Şakir Atavanovun cinayət əməlləri üzə çıxıb. Məlum olub ki, bələdiyyə sədri qardaşı oğlunu və arvadını işə götürərək onların adına ayrılan maaşları ələ keçirib.

Musavat.com xəbər verir ki, Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri işləmiş Şakir Atavanov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunub.

İstintaqla müəyyən edilib ki, bələdiyyənin 5 üzvündən ikisi onun qardaşı oğlu və arvadı olub. O, arvadını mühasib, qardaşı oğlunu isə sədr müavini təyin edib. Bu illər ərzində qardaşı oğlunun adına 10 min manatdan çox, arvadının adına isə 15 min manatdan çox maaş ayıraraq ələ keçirib. Qardaşı oğlu başqa bir özəl şirkətdə operator vəzifəsində işləyirmiş. İşə gəlmir, bələdiyyə iclaslarında iştirak etmirmiş.

İstintaqla müəyyən edilib ki, 2019-2023-cü illər ərzində ümumilikdə bələdiyyə ayrılan 38 min manat büdcənin 16 min manatı sədr olaraq Şakir Atavanovun özünə çatıb.

Çovdar bələdiyyəsinin adından olan iclas protokollarına bələdiyyə üzvlərinin iştirakı olmadan adlarını əlavə edib, onların adından imzalar çəkib.

Şakir Atavanov ifadəsində əməllərini səmimi şəkildə etiraf edib. İzahı isə maraqlı olub. O, deyib ki, ittihamda göstərilən pozuntulara yol verib. Bu pozuntulara yol verməsinin səbəbi isə qanunları yaxşı bilməməsi olub.

"Ədliyyə Nazirliyi tərəfindən yoxlama aparılanda qanunsuzluqlar aşkar edildi. Qanunsuzluqları bildikdən sonra onları aradan qaldırdım. Etdiyim əməllərin əvvəlcədən hüquqi nəticələrini bilmədiyimdən işin bu yerə gəlib çıxacağını düşünməmişdim. Göstərilən vəsaitləri tamah məqsədi ilə mənimsəməmişəm. Əməllərimdən peşmanam”- deyən Şakir Atavanov səhhətində ciddi problemlər olduğunu bildiri. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə dəymiş zərərin ödənilməsini, şikayətçinin olmamasını və təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona yüngül cəza təyin edib. Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, bələdiyyə sədri daha əvvəl Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsilə təqsirli bilinərək 160 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->