Xəbər lenti

Şahzadə Harri və iki XİN rəhbəri gözlənilmədən Kiyevə gəldi (FOTO)
Foto 10:48 12.09.2025

Şahzadə Harri və iki XİN rəhbəri gözlənilmədən Kiyevə gəldi (FOTO)

Sentyabrın 12-də, cümə günü, Ukraynaya bir neçə yüksək vəzifəli diplomatik qonaq gəlib.

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, Böyük Britaniya şahzadəsi Harri elan olunmamış səfərlə Kiyevə gəlib. O, Ukrayna hökumətinin dəvəti ilə ölkəyə səfər edərək müharibədə yaralanmış minlərlə hərbçinin bərpasına kömək etmək üçün "əlindən gələni etmək istədiyini" bildirib.

Səfər zamanı o və onun "Invictus Games Foundation” fondunun komandası yaralıların reabilitasiyasına dəstək üçün yeni təşəbbüslər barədə danışmağı planlaşdırır.

Bundan əlavə, bu gün Kiyevə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper də gələcək. Bu, onun vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəri olacaq. "Reuters” yazır ki, səfər çərçivəsində o, Ukraynaya 142 milyon funt sterlinq (193 milyon dollar) məbləğində qış dəstəyi ayıracağını elan edəcək.

Kuperin prezident Volodimir Zelenski və yüksək vəzifəli ukraynalı rəsmilərlə görüşəcəyi gözlənilir. O, Böyük Britaniyanın Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etmək öhdəliyini bir daha təsdiqləyəcək.

Kiyevə həmçinin Polşanın xarici işlər naziri Radoslav Sikorski də gəlib. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlama verib: "Kiyevə xoş gəldin, Radek! Rusiyanın Ukraynaya qarşı terrorunun və Polşaya qarşı təxribatların artdığı bir vaxtda biz sıx şəkildə birlikdəyik. Bu gün ümumi təhlükəsizliyimiz, Ukraynanın Aİ və NATO-ya üzvlüyü, eləcə də Moskvaya təzyiq məsələləri üzrə ciddi danışıqlar aparacağıq. Polşaya liderliyi və dəstəyi üçün təşəkkürümü bildirirəm".

Xatırladaq ki, Sikorski Ukraynaya rezonans doğuran hadisənin fonunda gəlib. Sentyabrın 10-na keçən gecə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı ölkənin hava məkanının rus pilotsuz uçuş aparatları tərəfindən pozulduğunu açıqlamışdı. Səhər saatlarında isə Polşa hakimiyyəti ölkəyə 19 dronun hücum etdiyini, onlardan 4-nün vurulduğunu bildirdi.

"Financial Times” yazır ki, Polşaya dron hücumu NATO-nun hava hücumundan müdafiə sisteminin zəifliyini göstərdi. Məqalədə qeyd olunur ki, müttəfiqlər hələ də Ukraynanın hər gün üzləşdiyi bu cür hücumlara koordinasiyalı cavab verməyi öyrənməyiblər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->