Misirdə arxeoloqlar yüz ildən çox müddətdən sonra ilk dəfə fironun məzarını aşkar ediblər. Oxşar kəşf sonuncu dəfə 1922-ci ildə, Tutanxamonun qəbri tapılanda baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
İlk dəfə məzarı 2022-ci ildə Böyük Britaniya və Misirdən olan arxeoloqlar qrupu Krallar Vadisindən 2,4 kilometr məsafədə aşkar edib.
Lakin o vaxt alimlər düşünürdülər ki, bu məzar keçmiş hökmdarların arvadlarından birinə aiddir, çünki o, kraliça Hatşepsut və firon III Tutmosun məzarlarının yaxınlığında yerləşirdi.
Tədqiqatçılar aylarla məzarın dəhlizindəki qalıqları təmizləyərək əsas otağa çatmağa çalışıblar.
Yeni Krallıq Tədqiqat Fondunun sahə direktoru Pirs Litelrend məzar otağının tavanını gördükdə tapıntının əsl əhəmiyyətini anladığını deyib. Otaq, yalnız fironlar üçün nəzərdə tutulmuş dini mətn – Amduat səhnələri ilə bəzədilib.
Litelrendin sözlərinə görə, o, həmin an "bənzərsiz bir heyrət" hiss edib:
"Çölə çıxdıqda həyat yoldaşım məni gözləyirdi və mənim edə bildiyim yeganə şey ağlamaq oldu", – o, BBC-yə müsahibəsində bildirib.
Məzarın pis vəziyyətdə olmasına səbəb, ehtimal ki, fironun ölümündən qısa müddət sonra baş verən daşqın olub. Üstəlik, içəridə fironun cəsədi tapılmayıb.
Əvvəllər hava şəraiti məzarın daxili hissəsinə ziyan vurub. Arxeoloqlar düşünürlər ki, bu səbəbdən məzarın tərkibi başqa yerə köçürülüb.
"Əslində məzar tamamilə boş idi, lakin bunun səbəbi onun qarət olunması deyil. Sonradan anladıq ki, məzar daşqın nəticəsində su ilə dolub. O, şəlalənin altında tikildiyindən dəfn edildikdən sonra təxminən altı il ərzində su ilə dolmağa davam edib", – deyə arxeoloq izah edib.
Pirs Litelrend əlavə edib ki, yalnız tonlarla qırılmış əhəng daşının təhlilindən sonra komanda üzvləri fironun adının yazıldığı alabastr küp parçalarını tapa biliblər. Görünür, yazılar məzarın köçürülməsi zamanı zədələnib.
Bundan başqa, dəfn yerində onun həyat yoldaşı və ögey bacısı – kraliça Hatşepsutun adı həkk olunmuş yazılar aşkar edilib.
"Xoşbəxtlikdən, o vaxt məzarın bəzi hissələri sındırılıb, çünki məhz bunun sayəsində onun kimə aid olduğunu öyrənə bildik", – deyə Litelrend bildirib.
Arxeoloqun sözlərinə görə, məzarın sadə memarlıq dizaynı sonradan XVIII sülalə fironlarının digər məzarları üçün nümunəyə çevrilib.
Alimlər əvvəllər bu məzarı tapa bilməyiblər, çünki onun Krallar Vadisinin yaxınlığında dağın digər tərəfində yerləşdiyini düşünürdülər.
"Bu kəşf qədim Misirin böyük sirrini açır: XVIII sülalənin əvvəlində fironların məzarlarının harada yerləşdiyini müəyyənləşdirir", – o əlavə edib.
Alimlər hesab edirlər ki, tapılan məzarın içində fironun cəsədinin olmaması o deməkdir ki, II Tutmosun əsl toxunulmamış məzarı hələ də naməlum yerdədir.
Misirin Ali Qədim Abidələr Şurasının baş direktoru Hummaməd İsmayıl Xalid bu kəşfin son illərin ən böyük arxeoloji nailiyyətlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, məzarda tapılan artefaktlar regionun tarixi və II Tutmosun hakimiyyəti haqqında daha geniş məlumat əldə etməyə kömək edəcək. Fironun hakimiyyətinin ya cəmi üç-dörd il, ya da 14 ildən çox davam etdiyi ilə bağlı elm adamları arasında hələ də yekdil fikir yoxdur.
Bundan əvvəl alimlər müəyyən ediblər ki, Misir Sfinksinin formasını əsasən külək yaradıb, lakin yerli sakinlər onun qayalıq quruluşunu bir qədər dəyişərək insan üzlü pişiyə bənzədiblər.
Alpər
Şərhlər