Xəbər lenti

Üzən şəhərlərə dair sual
Məqsəd Nur
Ölkə 21:46 31.03.2025

Üzən şəhərlərə dair sual

Millət, yoxsa ümmət? Çətin sualdır. Və bu çətin sual bütün Novruz günlərində məni düşündürdü. İnsan! Əsas budur. Amma insanlıqla iş bitmir, insanlıq qalıb bir kənarda, bəşəri çağırışlar dinc qalmağa aman vermir. Belə baxıram, get-gedə maarifçilərimizə, bəzən də solçuluğa (Allah eləməsin!) meyllənirəm.
 
Ramazan başlayar-başlamaz, bir-iki görüşdə hiss etdim ki, xidməti personal qeyri-iftar vaxtlarında ehtiyatla çay içib-içməyəcəyimi soruşur. Amma ümumi eyham onadır ki, biz hamımız burada oruc tuturuq, sənin də çay içməyinə pis baxmarıq. Belə getsə, bəlkə uzağı gələn il-filan heç çay da təklif etməyəcəklər. Qırımlarından görünür...
 
Təxminən 5-6 il əvvəl isə ayrı əhval idi, mən sabit şəkildə oruc tuturdum və bir də ayılıb gördüm ki, ətrafımdakı insanların çoxu işlədikləri idarələrin rəhbərliyindən oruc tutmalarını gizlətməyə çalışırlar. Çaşıb qalmışdım. İndi isə əksinədir, deyəsən idarələrdə oruc tutmayana yanpörtü baxırlar. Allah Mirzə Cəlilə rəhmət eləsin!
 
Əslində yeraltı şəhərlərdən, İlon Maskın Azərbaycanda işə başlayan internet xidmətindən, bir də Türkiyədəki çalxalanmalardan yazacaqdım. Lakin bayram günlərinin ətaləti çəki-düzəni pozdu. Beləcə, 31 mart da gəlib yetişdi...
 
Bizimkilər 31 martı "erməni-musurman" davası kimi gələcək nəslə ötürüblər və bu tendensiya hələ də davam edir. "Erməni-türk", "erməni-azərbaycanlı" yox, məhz erməni-müsəlman. Ermənilər isə qaldıqları yerdədirlər, bizə türk deyib dayanıblar. Bu Novruz günlərində də elə bunu düşünürdüm ki, görəsən, milli mənlik üstündür, yoxsa dini?
 
2017-ci ildə İstanbulda, miqrasiya idarəsində məmurun suallarına cavab verirdim, bir də başa düşdüm ki, bundan əvvəl də görüşdüyüm məmurlar qısa saqqallıdır. Sualları isə suriyalıya verirmişlər kimidir. Əvvəllər belə olmurdu. Sonra Taksim meydanından keçərkən az qala hər addımda əl-ayağa dolaşan ərəb qadınlarını və onların qara-qura çadralarından şallaşıb gəzən çoxsaylı uşaqları görüb qərar verdim ki, burada dərs deməyə də dəyməz. Daha sonralar isə böyük səhv etdiyimi başa düşdüyümü də deməliyəm. Di gəl, o vaxtdan içimdə qalan İstanbul xofu hələ də davam edir, amma bəzi dostlarım mənə deyir ki, İstanbul heç vaxt dinc durmayacaq, həmişə beləcə dəyişkən, çoxrəngli olacaq.
 
Qayıtdım gözəlim Azərbaycana. O yerə ki, hələ nəfəs ala bilirəm. Fəqət, bu Novruz bayramı qəfil dalağım sancdı: nə isə qaydasında getmir. Novruzla Ramazan bir-birinə tərs baxır. İkisini birləşdirib qane olanlar bir yana, birini sevib, digərini qəbul etməyənlər cəhbələrə ayrılıb. Qorxdum, eynən bir vaxt İstanbulda qorxduğum kimi...
 
Əslində son vaxtlar yerin altında, okeanların üstündə, Marsda və Ayda tikiləcək şəhərlərlə maraqlanıram. Və başa düşürəm ki, ən yaxın insanını, dostunu, simsarını unudub, gözünü səmalara dikmək imandan deyil. Bir vaxt dönüb baxanda görəcəkəsən ki, ətrafda yarpaq da yoxdur. Axı düşünməmək də olmur: bu yeraltı şəhərlər, okeanüstü meqapolislər kimə, nəyə lazımdır? Qoca Avropanın siyasətçiləri deyir ki, qitənin ÜDM-nin müəyyən faizini silaha xərcləməliyik. Bunları düşünməyib necə yaşayasan? Görəsən, o şəhərlərdə ictimai kitabxanalar olacaqmı?
 
Mədəniyyət harada olacaq? Din və millət harada olacaq?

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->