Xəbər lenti

Mörfi qardaşdı
Murad KÖHNƏQALA
Ölkə 12:24 01.04.2025

Mörfi qardaşdı

Gənc dostlarımdan biridi Aydın, Yasamalda bina evində yaşayır. Hərdən zəngləşib görüşürük. Onun atası ilə yaxın dostluğumuz vardı. Atası dünyasını dəyişəndən mənimlə daha sıx görüşür. Hiss edirəm məni özünə doğma bilir, sanki atasnı məndə axtarır. Aydının atası da bizim rayondan idi, qonşu kənddən. Zəhmətkeş, mehriban adam idi, yeyib-içən, deyib-gülən. Məndən xeyli cavan idi, ancaq bizi vaxtsız tərk elədi.  

Dünən telefonda dedi, əmi, səninlə çox ciddi məsələ haqda danışmaq istəyirəm, ancaq xahiş edirəm indi heç nə soruşma, mütləq görüşək. 

* Ürəyimdə fikirləşdim, ailə münaqişəsi olmasın! Ancaq onun həyat yoldaşından arxayın idim, bilirdim ki, hər şeydən ötrü ziddiyət yaradan deyil, uşaqları da balacadı, iki yaşı olar-olmaz.

Nəysə ki, "İnşaatçılar”da həmişəki kafedə görüşdük. Xoş-beşdən sonra dedim, söylə görüm ey gənc, dərdin nədir? Gülüb dedi, əmi, narahat olma, elə bir problem yoxdu, sadəcə, başımıza dünən bir iş gəldi, hələ də mənasını anlaya bilmirəm. 

Biraz arxayınlaşdım, gülüb dedim, əndər gəlsin, görüm mənim qafiyələrimə uyğun gələcəkmi.

Adətən, atası ilə də bu dildə danışırdıq. Baxdım ki, uşağın gərginliyi çəkildi, qımışdı, güldü, sakitləşdi. Dərindən nəfəs alıb başladı. 

Dedi, əmi, dünən Günəşliyə bir iş dalınca getmişdim. Dostlarla təzəcə oturmuşduq ki, telefonuma zəng gəldi. Götürdüm, gördüm yoldaşımdı. 

Dedim, nə məsələdi, sən niyə başqa telefonla zəng edirsən? Dedi, bəs, evin qapısı çarpılıb, uşaq içəridə qalıb, mən də çöldəyəm nazik ev paltarında. Telefon da içəridə qalıb, bu qonşununkudu. Ay daa, dəli oldum! 

Dedim, dayan görüm, necə yəni, sənin qapın çarpılanda birbaşa bağlanır ki? 

Dedi, hə, əmi! Deməli, mənzilin çöl qapısını qoyduranda dedilər, zamok belədi, çöldən tutalğac yoxdu deyə, bağlananda çöldən açarsız açmaq olmur. İstəsən sonra çöldən tutalğac qoydura bilərsən. Mən də fikirləşirdim, əşi, elə çöldən tutalğac olmasa yaxşıdı, hər gələn əl atmasın. Onsuz da hara getdik, hərənin açarı özündədi. Bizdə də özün bilirsən, əsas çöl-bayıra çıxan mənəm. 

Bu dəfə necə olub? Demək, bizdə çöl qapısı ilə balkonun qapısı "skvaznyak” olduğuna görə hər ikisi açılanda biri mütləq çarpılıb örtülür. 

Biz adətən, zibil paketini bağlayıb çölə, qapının ağzına qoyuruq, evdən kim aşağı düşdü, zibili götürüb küçədəki zibil qabına atır. Yoldaşım zibil paketini çölə qoyanda qapı çarpılır və özü çöldə, uşaq içəridə qalır. Bizdə də zamok elə qoyulub, içəridən uşağın açarı burmağa gücü çatmaz. Düzdü, yoldaşım bir neçə dəfə uşağı səsləyib, "açarı bur” desə də uşaq anlamayıb. 

Biraz keçəndən sonra  uşaq başlayıb içəridə çığır-bağır salmağa. Yoldaşım lap özünü itirib, qonşuların qapısını döyüb ki, telefon alıb mənə zəng eləsin. Mərtəbəmizdəki qonşulardan yalnız biri evdə olub. 

Nəysə, mənə zəng elədi. Soyuq hava, yoldaşımın halını təsəvvür elədim. Tez onu sakitləşdirdim, dedim, narahat olma, bu dəyqə taksiyə oturub gəlirəm. Uşaqlarnan sağollaşıb məhlədəki taksilərin birinə oturdum, haydı Yasamala! Taksiyə də dedim, vəziyət belədi, sən canın, gör, probkasız yerlərlə sürə bilirsənmi. Beləcə, gəlib Xalqlar Dostluğuna tərəf burulanda arxadan bir maşın gəlib sağ tərəfdən özünü bizə çaxdı. Ay daa! Dedim, ilahi bu nəydi! 

Nəysə, sürücülərin ikisi də düşdü. Biri deyir, günah səndədi, o biri deyir, mən düz gedirdim, sən gəlib mənə çaxmısan. Nə başını ağrıdım, əmi, mən taksiyə dedim, əmoğlu, mən gedirəm, ta polisi gözləmək halım yoxdu. Bu da deyir, qardaş, gözlə, səni aparacam mütləq. Dedim, yox ee, qardaş, qaçım metroya, ən yaxşısı metrodu. Dedi, görürsən ziyanlıqdı, heç olmasa taksinin pulunu ver. Nəysə əmi, dişim bağırsağımı kəsir, danışdığım pulu tam ödədim buna. Metroya da bir kilometrdən çox qalıb, qaçdım metroya. Metrodan çıxıb avtobusa, ordan da qaça-qaça evə! 
Nəysə, gəldim lifti basdım 9-cu mərtəbə! Açarı da cibimdə bir neçə dəfə yoxlamışam ki, heç olmasa itirməyim. Liftdə qalxanda açarı şalvarın cibindən çıxarıb gödəkcəmin cibinə qoydum ki, çatan kimi dərhal əlimə gəlsin. Nəysə, 9-da lift dayandı, tər məni basıb. Liftin qapıları açılanda yaylığımı çıxarıb tərimi silmək istəyirdim ki, inanmazsan, açar dəstəsinnən cibimdən liftin çıxışındakı aralığa düşdü. Ta, bu qədər də olmaz daa! Az qaldı başıma hava gəlsin! 

Gəldim mənzilə, gördüm yoldaşım nazik ev donunda həm həyəcandan, həm soyuqdan sitildəyir. Məni görən kimi sevinmiş üstümə cumub: "Tez gəl görək, uşaq içəridə özünü öldürür!” – dedi. Qapıya yaxınlaşıb uşağı çağırdım ki, görüm səsi necə gəlir. Nəsə, içəridən gələn yanıq iyi hiss elədim, ancaq bunu deyib anasını qorxutmaq istəmədim. Yoldaşım qışqırdı: "Ayə, qapını aç, nə uzadırsan?!” 

Qonşu yazıq da həyəcanlanıb. Dedim, vəziyət belədi, açarı salmışam liftin şaxtasına! 

"Ayə, sən nə danışırsan?” - yazıq başını divara vurur.  Dedim, yaxşı sakitləş, mən indi gedib komendantı tapacam, zirzəmiyə düşmək lazımdı. 
Komendanta zəng eləmişəm, vəziyəti başa salmışam. O da dedi, uzaqdayam, gözlə gəlirəm. Qonşu da mənimlə,  düşmüşük aşağı. 
Komendantı gözlə-gözlə gələcək. Hannan-hana gəlib çıxıb. Təzədən soruşur, təzədən izah eləmişəm. Bu da astagəl adamdı, az qalıram qucağıma alıb qaça-qaça aparam bunu. Nəysə, düşmüşük şaxtaya, orda bir dəmir var, birləşib qaldırmışıq yuxarı, mən düşmüşəm şaxtaya, telefonun işığında tapmışam açarı. Tez fırlanıb qalxmışam 1-ci mərtəbəyə, ordan da 9-a! 

Nəysə, qapını açanda gördüm içəridə tüstü, yanıq iyi! Uşaq qaçıb gedib ən arxa otağa. 

Baxdım ki, mətbəxdəki qaz plitəsinin elektrik gözü yanır. Yoldaşıma deyirəm bunu sənmi belə qoyub çıxmışdın? Deyir, yox. Düz deyir, biz yeməyi qaz olan gözündə  bişiririk. 

Bəs, necə olub? 

Demək, yoldaşım soyuducudan yeməyi qızdırmaq üçün çıxarıbmış, sadəcə, qazanı elektrik tərəfə qoyubmuş ki, birazdan qazı yandırıb üstünə qoysun. Beləcə çölə çıxıb. Uşaq da içəridə tək qalanda plitənin qırmızı işığı yanan tərəfini burub, elektrik gözü işə düşüb. 

Baxdım ki, yemək qaynayıb-quruyub kömürə dönüb. 

Nəysə, əmi, həmin gün elə bil kimsə bizə qarğış eləyirdi. Yoldaşım da deyir, yəqin evimizdə ölü gözü qalıb. Gah da deyir, bizi kimsə cadulayır. Gəlmişəm, səndən məsləhət almağa, biz neyləməliyik? Bu nə iş idi başımıza gəldi? Belə təsadüf ola bilməz, axı! 

Dedim, ey oğul, guş qıl mənə!
Buna Mörfi qanunu deyərlər! 
Mörfi qanunu eşitmisənmi? Dedi, o nədi, belə şey eşitməmişəm. 
Dedim, qulaq as! 

Dedim, Eduard Mörfi 1990-cı ildə "bafat” eləmiş bir ingilis mühəndisidi. Bizim bu Mörfi 1949-ci ildə, illərin əziyəti ilə yığılmış bir raket texnikası üzərində sınaq apararkən, cihazlardan birini cuzi səhv bağladığına görə bütün sistemi çökdürüb. Bu qəzadan sonra mühəndis insanları hər zaman gözlənilməz hadisələrə hazır olmağa çağırmış  və özünün tərsliklər qanunlarını yazmışdı. Sonradan sənin kimi adamlar da öz başına gələnləri onun bu qanunlarına əlavə edərək yekə bir tərslik məcəlləsi yaratmışlar. İndi sənə Mörfi qanunlarından yadımda qalan bir-ikisini deyəcəm, başa düşəcəksən. Məsələn:

*Tunelin o başında görünən işıq gələn qatarın işığı ola bilər.
*Həll olunan hər problem yeni problemlər yaradır.
*İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
*Uzun müddət gözlədiyin avtobus sən siqaret yandıran kimi gəlib çıxır.
*Əgər özünüzü yaxşı hiss edirsinizsə, narahat olmayın, keçəcək.
*Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
*Axtardığımız şeyi ən axırıncı baxdığımız yerdən tapırıq.
*Mağazada ən xoşuna gələn ayaqqabı ayağını sıxacaq. 
*Səhv yığdığın telefon nömrəsi heç vaxt məşğul göstərmir. 

Beləcə, hərə öz uğursuzluq təcrübəsini Mörfinin qanunlarına əlavə edərək yekə bir tezislər məcmuəsi düzəltmişlər. 

Səni təbrik etmək olar, artıq sən də bir tezis əlavə etdin:

*Əgər qapının çarpılaraq bağlanmaq etimalı varsa mütləq bağlanacaq.    

Ancaq, bütün bu qanunlar insanları ayıq-sayıqlığa səsləmək üçündür. Yəni, hər bir ehtimalı önləməlisən. Hə, biri də yadıma düşdü deyir: 

*Əgər bir problemin 99 faiz həll olunma ehtimalı varsa, mütləq yerdə qalan o 1 faiz qalib gələcək. 

Ona görə, əzzim Aydın, sən ən birinci o qapının kilidini həmin gün dəyişdirməli idin, ya da açarın bir nüsxəsini mütləq yaxın bir yerdə gizlətməli idin. Ən düzgünü kilidi dəyişdirmək idi. Mörfi qanunu bu dəfə sənə dəyməyib, gəncliyinə bağışlayıb. Həyat belədi, bütün pis ehtimalların qarşısını almalısan. Hər cür gözlənilməz bəd hadisəyə isə həmişə hazır olmalısan.    

Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->