Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında məktəbəqədər təhsil pilləsində dəyişikliklərin olacağını bildirib. Nazir deyib ki, 3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bağçalara cəlb olunacaqlar. Bundan əlavə, nazir bağçalarda çalışanların hər birinin diaqnostika və sertifikasiyaya cəlb olunacaqlarını vurğulayıb.
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Emin Əmrullayevin məktəbəqədər təhsil pilləsinə dair son açıqlamaları cəmiyyətin uzun illərdən bəri toxunmağa çəkindiyi, amma çox vacib bir məsələni gündəmə gətirir:
"Bağçada iş olsaydı, filankəs də işləyərdi" yanaşması doğrudan da uzun müddət bu sahədə dominant olub. Bağçalar sanki təhsil müəssisəsi yox, sadəcə uşaq "saxlama" məkanı kimi qəbul olunub. Bu isə həm məktəbəqədər təhsilin mahiyyətini, həm də orada çalışanların statusunu ciddi şəkildə zədələyib. Əslində isə məktəbəqədər təhsil mərhələsi uşağın gələcək inkişaf trayektoriyasının əsasını qoyan ən kritik dövrdür. Psixoloji araşdırmalar sübut edir ki, uşağın şəxsiyyətinin formalaşmasının böyük hissəsi 0-6 yaş arasında baş verir. Bu dövrdə uşağın sosial münasibətləri, dil bacarıqları, emosional tənzimləmə qabiliyyəti və əqli inkişafı sürətlə irəliləyir. Belə bir dövrdə uşağın ətrafında olan böyüklərin keyfiyyəti onun gələcək uğurunun əsas determinantıdır".
Kamran Əsədov hesab edir ki, bu həssas sahəyə çox vaxt təsadüfi şəxslər cəlb olunur:
"Öz evində uşağını nənə və qayınananın nəzarətində böyüdən bir gəncin 15-20 uşağa psixoloji və pedaqoji yanaşması necə olacaq? Bu, yalnız sevgi ilə yox, həm də ciddi psixoloji bilik, müşahidə bacarığı, kommunikasiya qabiliyyəti və pedaqoji hazırlıq tələb edir. Nazirin "3-4 yaşlı uşağın psixologiyasını anlayanlar cəlb olunacaq” fikirinə gəlincə, əgər praktik addımlarla müşayiət olunsa, məktəbəqədər təhsilin keyfiyyətində ciddi dönüş nöqtəsi ola bilər. Bu o deməkdir ki, bağça tərbiyəçisi yalnız uşaqla oynayan, altını dəyişən və ya yatıran biri deyil, uşaqla məqsədli, inkişafetdirici təlim prosesini həyata keçirən peşəkar olmalıdır. Burada təkcə diplom yox, real psixoloji hazırlıq da əsas şərt olmalıdır”.
Kamran Əsədovun fikirincə, bütün bağça işçilərinin diaqnostika və sertifikasiyaya cəlb olunması yerində verilən bir qərardır:
"Bu proses sistemdə çalışanların hansı səviyyədə olduğunu müəyyənləşdirmək və inkişaf proqramlarını planlamaq üçün real əsas yaradır. Amma bu imtahan və diaqnostikaların təkcə formal yox, praktik bacarıqlara əsaslanması mütləqdir. Çünki 3-4 yaşlı uşaqla işləmək "kitab biliyi” ilə deyil, real ünsiyyət, empatiya və uşaq dünyasına daxil ola bilmək bacarığı ilə mümkündür. Burada əlavə vacib məqam ondan ibarətdir ki, məktəbəqədər təhsil sahəsində çalışanların əməkhaqları, sosial statusları və iş şəraiti də bu sahəyə savadlı və istedadlı gənclərin cəlb olunmasında əsas rol oynayır. Əgər bu iş sahəsi cəmiyyət tərəfindən yenə də "asan, qeyri-ciddi və dəyərsiz” kimi qəbul olunacaqsa, heç bir sertifikatlaşdırma prosesi problemi həll edə bilməyəcək. Cəlb olunacaq gənclərin bu sahədə işləməyə həvəslənməsi üçün bağça tərbiyəçisinin maaşı və nüfuzu da müəllimlə eyni səviyyəyə gətirilməlidir”.
Kamran Əsədov məktəbəqədər təhsil sahəsində islahatların çoxdan başlanmalı olduğunun vacibliyini vurğulayıb:
"Amma indi bu proses gec də olsa başlayırsa, onu yarımçıq və formal yox, əsaslı və davamlı şəkildə aparmaq lazımdır. Əgər biz gələcəyin təhsilli, balanslı və yaradıcı vətəndaşlarını yetişdirmək istəyiriksə, bu işə bağçadan başlamalıyıq. Unutmayaq: məktəbdə gördüyümüz problemlərin çoxu əslində bağçada həll olunmayan məsələlərin davamıdır”.
Bahar Rüstəmli
Şərhlər