Xəbər lenti

Yeni kəşf elm aləmində səs-küyə səbəb oldu: Super vulkan partlamağa hazırlaşır?
Dünya 20:50 01.04.2025

Yeni kəşf elm aləmində səs-küyə səbəb oldu: Super vulkan partlamağa hazırlaşır?

ABŞ-ın Yellouston Milli Parkında aparılan son araşdırma elm dünyasında geniş müzakirələrə səbəb olub. Bölgədə yeni bir vulkan bacasının aşkar edilməsi süper vulkanın gözlənilmədən aktivləşə biləcəyi ehtimalını gücləndirir. 

Bəs Yelloustonun dərinliklərində nə baş verir? Əgər bu nəhəng vulkan partlasa, nəticələr necə olacaq?

Yellouston: Gözəllik və təhlükənin birləşdiyi yer

Qaynarinfo xəbər verir ki, Yellouston Milli Parkı təkcə ABŞ-ın deyil, bütün dünyanın ən unikal təbiət ərazilərindən biridir. Yüksək dağları, möhtəşəm gölləri və güclü geotermal aktivliyi ilə tanınan bu bölgə, eyni zamanda Yer kürəsinin ən güclü vulkanik sistemlərindən birinə ev sahibliyi edir.

Lakin Yelloustonun bu möhtəşəm təbiət mənzərəsinin arxasında çox böyük təhlükə dayanır. Alimlərin uzun illərdir diqqətlə izlədiyi bu ərazi, son kəşflə yenidən gündəmə gəlib.

Milli parkın altında "saatlı bomba" var!

ABŞ-ın Vayominq ştatında yerləşən Yellouston Milli Parkının təxminən 8 kilometr dərinliyində, 640 min ildən çoxdur formalaşmaqda olan bir "saatlı bomba" yatır: Yellouston Süper Vulkanı!

Krakatoa vulkanından 100 dəfə güclü olduğu hesab edilən bu nəhəng vulkan, ən yüksək səviyyədə – səkkizinci kateqoriya partlayışa səbəb ola bilər.

Səkkizinci kateqoriya vulkan partlayışı nə deməkdir?

Vulkanik Partlayış İndeksi (VEI) vulkan partlayışlarının gücünü, həcmini və təsirini ölçən bir sistemdir. Bu indeks 0-dan 8-ə qədər dəyərləndirilir və hər səviyyə partlayışın dağıdıcı təsirinin artdığını göstərir.

VEI 0 - Kiçik partlayışlar, gözlə görülən ciddi təsir yaratmır.

VEI 1-2 - Orta ölçülü partlayışlar, yerli təsirlərə səbəb olur.

VEI 3-4 - Böyük partlayışlar, bölgə səviyyəsində dağıntılara gətirib çıxara bilər.

VEI 5-6 - Çox böyük partlayışlar, qlobal iqlim dəyişikliklərinə səbəb ola bilər.

VEI 7 - "Süper partlayışlar" adlanır və ciddi iqlim dəyişiklikləri yaradır.

VEI 8 - Tarixin ən güclü vulkanik partlayışlarıdır (məsələn, Yellouston vulkanının potensial partlayışı).

Gözlənilməz kəşf: Yellouston həqiqətən sakitdirmi?

Yellouston vulkanının zirvə hissəsində insanlıq tarixi boyunca heç bir böyük partlayış yaşanmayıb. Buna görə də, bölgənin təhlükəsi zamanla gözardı edilirdi. Lakin yeni kəşf bu düşüncəni tamamilə dəyişdirib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) alimləri, Yelloustonun Norris Qeyzer Hövzəsində yeni bir vulkan bacasının yarandığını aşkar ediblər. Bu baca riolit lava axınının kənarında yerləşir və havaya isti buxar püskürdür.

Bu yeni baca ilk dəfə 5 avqust 2024-cü il tarixində müşahidə edilib. Parkın bir əməkdaşı Mammot Hot Springsdən cənuba doğru hərəkət edərkən, bataqlıq ərazidə yüksələn buxar sütununu görüb.

77 dərəcə istilikdə yeni bir təbəqə aşkar edilib

Araşdırmalar zamanı bataqlıq səthin təxminən 3 metr altında, 77 dərəcə istilikdə incə silisium gil təbəqəsi aşkarlanıb.

Mütəxəssislər bu yeni bacanın çox gənc bir formasiya olduğunu bildirirlər və onu Yellowstone-un əvvəllər qeydə alınan hidrotermal aktivlikləri ilə əlaqələndirirlər.

Qış mövsümündə buxar püskürməsi azalsa da, alimlər gələcəkdə aktivliyin yenidən arta biləcəyini qeyd edirlər.

Alimlər bildirir ki, Yellouston vulkanının partlama ehtimalı 100 min ildən uzaq bir perspektivdə görünsə də, bu cür hidrotermal aktivliklər bölgənin jeoloji proseslərinin getdikcə sürətləndiyini göstərir.

Yellouston vulkanının partlayışı qarşısı alına bilərmi?

NASA Yellouston vulkanının mümkün partlayışını önləmək üçün bəzi layihələr üzərində işləyir. Planlardan biri vulkanın altına 10 kilometr dərinliyə qədər qazma işləri aparmaq və yüksək təzyiqli su pompalamaqdır. Bununla vulkanın soyudulması nəzərdə tutulur.

Lakin bu metod böyük risklər daşıyır. Mütəxəssislər bildirirlər ki, magma kamerasının üst qatlarına edilən müdaxilə vulkanın gözlənilmədən partlamasına səbəb ola bilər.

Nəticə: Yelloustonun gələcəyi nə olacaq?

Yellouston vulkanının nə zaman partlayacağı dəqiq bilinmir. Lakin bölgədəki geoloji aktivliklər davam etdikcə alimlər müşahidələrini artırır və mümkün ssenariləri analiz edirlər.

Əgər Yellouston süper vulkanı partlasa, nəticələri bütün planet üçün fəlakətli ola bilər. Buna görə mütəxəssislər bu fenomenin izlənilməsinin həyati əhəmiyyət daşıdığını bildirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->