Yerusəlimin altında sirli qədim tunel: Alimlər onun niyə tikildiyini bilmir
Yerusəlimdə (Qüds) təxminən 50 metr uzunluğunda qayaya oyulmuş qədim tunel aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, "Ynetnews” nəşrinin yazdığına görə, tapıntı İsrail Qədim Əsərlər İdarəsinin yeni yaşayış kompleksi tikintisindən əvvəl apardığı qazıntılar zamanı üzə çıxıb.
Tunelə giriş səthdən aşağı enən pilləkən vasitəsilə həyata keçirilib. Pilləkən qayada oyulmuş keçidə aparıb və oradan tunel başlayıb. Tunelin içi yüzlərlə, bəlkə də minlərlə il ərzində toplanmış torpaq qatları ilə dolu olub.
Tunelin müxtəlif hissələrində aparılan qazıntılar göstərib ki, onun hündürlüyü 5 metrə, eni isə təxminən 3 metrə çatır.
"Daşın çıxarılması işi son dərəcə diqqətlə aparılıb. Tuneli inşa edən şəxslərin böyük əmək sərf etdiyi, işi əvvəlcədən planlaşdırdığı və bunun üçün kifayət qədər imkan və resurslara malik olduğu aydın görünür”, deyə arxeoloqlar bildiriblər.
Tunelin təyinatı hələ də məlum deyil
Əvvəlcə tədqiqatçılar tunelin qədim su mənbəyinə çıxış üçün tikildiyini düşünüblər. Lakin sonradan bu versiya rədd edilib. Səbəb isə tunelin divarlarının su qurğularında olduğu kimi suvaqlanmaması olub. Bundan əlavə, geoloqlarla məsləhətləşmələr nəticəsində müəyyən edilib ki, həmin ərazidə yeraltı su layları məlum deyil və tuneldə su izləri yoxdur.
Digər ehtimala görə, tunel kənd təsərrüfatı və ya sənaye məqsədli yeraltı obyekt ola bilərdi. Ancaq görülən işin miqyası və yaxınlıqda oxşar obyektlərin olmaması bu versiyanı da zəiflədir.
Hazırda alimlər hesab edirlər ki, tunel tikinti daşı və ya əhəng istehsalı üçün yararlı olan təbaşir qatına çıxış məqsədilə qazılıb. Bu ehtimalı dəstəkləyən dəlillər arasında tunelin tavanında aşkar edilmiş və havalandırma üçün istifadə oluna biləcək şaxta, eləcə də döşəmədə qalan daş yonuntuları göstərilir.
Bununla yanaşı, tunelin tikintisinin yarımçıq qaldığı da ehtimal edilir. Buna görə də onun dəqiq funksiyası və xarakteri hələ də sirr olaraq qalır.
Arxeoloqlar tunelin nə vaxt tikildiyini də müəyyən edə bilməyiblər. Çünki qazıntılar zamanı dövrü müəyyən etməyə imkan verən heç bir artefakt tapılmayıb. Bununla belə, tunel düz xətt üzrə dəmir dövrünə aid ictimai bina və "Tel-Ramat-Rahel” adlı qədim yaşayış məntəqəsindən cəmi bir neçə yüz metr məsafədə yerləşir. Həmin ərazidə dəmir dövründən islam dövrünədək uzanan yaşayış izləri sənədləşdirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər