ABŞ Hərbi Hava Qüvvələri 2026-cı ilin aprelində "A-10 Thunderbolt II” hücum təyyarələrinin istismardan çıxarılma müddətinin növbəti dəfə uzadıldığını açıqlayıb. Qərara əsasən, bu təyyarələr 2030-cu illərə qədər xidmətini davam etdirəcək.
Qaynarinfo "SlashGear"a istinadən xəbər verir ki, ilk dəfə 1976-cı ildə təqdim edilən "A-10 Thunderbolt II” praktiki olaraq yarım əsrdir ciddi dəyişikliklər olmadan istifadə olunur və yerüstü hədəflərə zərbə endirmək üçün xüsusi olaraq dizayn edilib.
Məlumata görə, ABŞ artıq bu təyyarələrin əvəzlənməsi üçün planlar hazırlayır. Əsas alternativlər arasında "F-35 Lightning II”, "F-15EX Eagle II” və pilotsuz uçuş aparatları yer alır. Lakin bir sıra ekspertlər bu əvəzləmənin tam effektiv olmayacağını düşünürlər. Səbəb isə "A-10”un aşağı hündürlükdə və aşağı sürətlə uçaraq zirehli texnikaya qarşı yüksək effektivlik göstərməsidir.
Təyyarənin ən diqqətçəkən xüsusiyyəti onun əsas silah sistemi ətrafında qurulmasıdır. "GAU-8/A Avenger” 30 mm-lik yeddi lüləli top "A-10”u əsl uçan silah platformasına çevirir və ona yüksək intensivlikli atəş gücü qazandırır.
"A-10” həm də davamlılığı ilə seçilir. Aşağı hündürlükdə uçuş səbəbilə düşmən atəşinə daha çox məruz qalan təyyarə xüsusi zirehlə qorunur. Kabinəni əhatə edən "titan vannası” pilotu 23 mm-lik mərmilərə qədər atəşdən qoruma qabiliyyətinə malikdir.
"A-10” təyyarələri Körfəz müharibəsi zamanı öz effektivliyini sübut edib. İki pilotun bir gün ərzində 23 tankı məhv etdiyi halların olduğu bildirilir. Ümumilikdə isə bu tip təyyarələrin 900-dən çox tankı, 2000-ə yaxın digər hərbi texnikanı və 1200 artilleriya sistemini məhv etdiyi qeyd olunur.
Hazırda planlara əsasən, "A-10 Thunderbolt II” ən azı 5 il daha xidmət göstərəcək.
Aydın
Şərhlər