Abşeron rayonunun Xırdalan şəhərində "44 Gün” çay evindən və "Çardaq” oyun salonundan oğurluq edilib.
Qaynarinfo xəbər verir ki, çay evindən 1 ədəd 1700 manat dəyərində TV proyektor, hər birinin qiyməti 400 manat olmaqla 2 ədəd LG markalı televizor və hər birinin qiyməti 50 manat olmaqla 2 ədəd qəlyan aparatı oğurlanıb. Çay evinin sahibinə ümumilikdə 2600 manat ziyan vurulub.
"Çardaq” oyun salonundan isə hər birinin qiyməti 350 manat olan 4 ədəd "Playstation 3”, hər birinin qiyməti 600 manat olan 4 ədəd "Playstation 4” oyun konsolu və hər birinin qiyməti 50 manat olan 4 ədəd oyun pultu oğurlanıb. Oyun salonun sahibinə ümumilikdə 4000 manat məbləğində ziyan vurulub.
Zərərçəkmişlər hadisə barədə polisə məlumat verib. Qısa müddət sonra oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Tunar Quliyevə (şərti) Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Tunar Quliyev verilmiş ittiham üzrə özünü təqsirli sayıb.
O, məhkəmənin hökmü ilə 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər