Xəbər lenti

Xeyirxahlıqla yaşanan ömür
Ölkə 12:18 17.01.2024

Xeyirxahlıqla yaşanan ömür

İllərdən bəri tanıdığım, şəxsiyyətinə və peşəsinə böyük hörmət bəslədiyim Rəşad Mahmudovun 50 illik ömür yolu ilə bağlı düşüncələrimi qələmə almaq istərkən qəribə bir hiss yaşadım. Fikirləşdim ki, nə tez keçib getdi bu illər. Bu düşüncələr təkcə illərin sürətli keçməsi deyil, həm də geriyə qaytara bilmədiyimiz illərdən uzaqlaşmaqdır. Ancaq bu düşüncələrin içində iki təsəlli nöqtəsi var: birincisi, müdriklik məqamına gəlib çatmaq, ikincisi isə Rəşad Mahmudovun adının qarşısında yazılan titullardır.  Dərin elmi təfəkkürə, güclü məntiqə malik olan Rəşad müəllim öz sadəliliyi, təvazökarlığı və ciddiliyi ilə fərqlənən bir insandır. Həyatda insanların taleyi, keçdiyi yol, qarşılaşdığı yaxşı, bəzən də dözülməz hadisələr bir birinə bənzəmir. Maraqlı burasındadır ki, insanların bir qrupu yalnız özləri üçün yaşayır, pisi və yaxşını fərqləndirmir, hətta görmək belə istəmir. Digər bir qrup insanlar ömür boyu hansı yolla olursa olsun var dövlət yığmağı, özünü hamıdan üstün tutmağı, haqqı və ədaləti görməməyi özünə həyat yolu seçir. Üçüncü qrup insanlar var ki, fədakar və yaradıcı əməyə, zəhmətə bağlanır, haqqı və ədaləti müdafiə etməyi özünə həyat yolu seçir. Məhz haqqında yazdığım Rəşad müəllim üçüncülərdəndir. 

Zərdüşt təliminə görə şər qüvvələrə qarşı mübarizədə insanın başlıca silahı xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməldir. Ömrünü üç tezis üzərində kökləyənlər əsl insanlardır. Onlara yaxşı adamlar deyirlər. Rəşad müəllim məhz belələrindəndir.  O yüksək nəzəri biliyə və təcrübi qabilliyyətə malik istedadlı bir alimdir! Tibb elmimizin nəziri və təcrübi uğurlarında onun xüsusi rolu var. Rəşad Mahmudov xaricdə çap olunmuş 2 kitabın ("Aorta cərrahiyyəsi” – Türkiyə, "Triküspit qapaq cərrahiyyəsi”- İtaliya), 60-a yaxın elmi məqalənin, 40-a yaxın tezisin müəllifidir. 
Bütün həyatını və fəaliyyətini Azərbaycan dövlətinin və xalqının inkişafına, tərəqqisinə həsr etmiş Rəşad Mahmudov 2015-ci ildən daha bir məsuliyyətli missiyanı öz üzərinə   götürmüşdür. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə seçicilərinin böyük etimadını qazanaraq, deputat seçilən Rəşad Mahmudov bu gün də Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü kimi millətimizin rifahı naminə taleyüklü qərar və qanunların qəbul olunmasında, xalqımızı narahat edən bir çox məsələlərin həllində, o cümlədən, müstəqil Azərbraycanda həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının hazırlanması işində və qanunların təkmilləşdirilməsində öz səylərini əsirgəmir. 

Həyatda elə anlar olur ki, kiminsə bədxahlığına ünvan olursan. Kiməsə etdiyin yaxşılıq qisas kimi sənin özünə qarşı çevrilir. Belə olanda bəzilərinin inamı itir, bəzilərində isə qədirbilənlərə inam artır. Sonuncular genişürəkli insanlardır. Rəşad müəllim məhz belələrindəndir. Yüksək mədəniyyətə malik olan Rəşad müəllim onu tanıyanların sevgisi ilə əhatə olunmuşdur. 

Əziz və çox hörmətli Rəşad müəllim, Siz ömrünüzün qaynar çağını və kamillik dövrünü yaşayırsınız. Mən Sizi yubleyiniz münasibəti ilə təbrik edir, Sizə sağlamlıq və uğurlar diləyirəm. 

Böyük Tanrı xeyirxah işlərinizdə Sizə yar olsun.

Fəzail İbrahimli
Professor, Azərbaycan Respublikası Milli Məclis Sədrinin Müavini

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->