Əli Cəfərov: "Azərbaycan ailəsinin problemləri doğrudanmı inkişafdan, dəyişən zamandan mənfi çalarlarla qaynaqlanır”?
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında reallaşdırdığı "Evimiz-Dəyərlərimiz” layihəsinin icrasına Bakı şəhəri Ə. Əliyev adına 204 saylı tam orta məktəbdə start verdi. Debat adlanan ilk təlim şagirdlərin qeydiyyatının ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ilə başladı. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla anıldı.
Layıhənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB sədri Əli Cəfərov şagirdlərlə qısa tanışlıqdan sonra layihənin əhəmiyyəti barədə məlumat verdi və onu da təəssüflə bildirdi kı, "çağdaş dünyamızda gedən proseslər - qloballaşma, texnologiyanın inkişafı, xalqların, dövlətlərin qarşılıqlı inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına gətirib çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir? Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan mənfi çalarlarla qaynaqlanır? Bu və ya digər məsələlırə aydılıq gətirmək və müzakirə aparmaq üçün sizlərlə birgə debat təşkil ediləcək. Xahiş edirik, debatlarda aktiv olasınız və ətrafınızda gördüyünüz heç bir ailə problemllərinə və mənəvi deqradasiyalara biganə qalmayasınız”.
Şagirdləri bir qədər də aktivliyə ruhlandırmaq niyyətilə "debat”, onun qaydaları və faydaları haqqında da təfsilatlı məlumat verən Ə. Cəfərov bildirdi ki, bu, çox yaxşı öyrənmə və öyrətmə metodudur. Bu şəkildə öyrənilən məlumatlar insan zehnində daha yaxşı möhürlənir, insanda özünəgüvən hissi və rəvan nitq qabiliyyəti yaradır. Debatı keçirməkdə əsas məqsəd şagirdlərdə ailəyə hörmət, ailə institutunun cəmiyyət üçün əhəmiyyətini dərk etdirmək, bu proses zamanı onlarda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çıxarmaq, paralel olaraq sağirdlərin tənqidi və analitik düşüncə tərzlərini inkişaf etdirməkdir. Debatda müzakirə olunan əsas istiqamətlər ailənin cəmiyyətdə rolu, müasir zamanda sosial şəbəkələr, informasiya vasitələrinin gənclərə mənfi və ya müsbət təsirləri, müasir həyat tərzinin gətirdiyi dəyişikliklər, eləcə də problemlər və onların həlli yolları müzakirə ediləcəkdir.
Ə.Cəfərov daha sonra şagirdlərə layihənin təlimçisi Taleh Əliyevi və layihəyə ekspert qismində qatılan tanınmış jurnalist-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nəzirməmməd Zöhrablını təqdim etdi.
Təlimçi, politoloq Taleh Əliyev layihənin mahiyyəti haqqında məlumat verərək bildirdi ki, ailə, ailəlilik hər bir insanın zənginliyidir. Əbəs yerə deyilmir kı, ailəni qurmaq deyil, onu qorumaq əsasdır. Hər bir insan özlüyündə fikirləşməli, özü özünə sual verməlidir ki, ailə nədir? Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük, dürüstlük əsasında qurulan isti bir yuvadır. Necə gəldi qurulan ailələrin sonu heç də yaxşı nəticələnmir.
Cəmiyyətimizdə əsasən ənənəvi ailə modelinə üstünlük verilir. Bunun üçün keçmişdə qurulan ailələrdən çoxlu misallar göstərə bilərik. Orta və yaşlı nəslin nümayəndələri analarımız və atalarımızın həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, ailəyə dəyər verdiyini, adi problemləri böyütmədiklərini xatırlayırıq. Əslində biz ətrafımızda baş verən bu tipli olayları təhlil etsək, bunun daha doğru variant olduğunu görə bilərik.
Valideynlərimiz də daima bizə adi problemləri böyütməməyi, ailəmizə sahib çıxmağımızı təbliğ edirdilər. İndiki zamanda biz nə qədər istəsək də bəzən bunlar yetərincə alınmır və daima müəyyən problemlərlə qarşılaşırıq. Təbii ki, bunun müəyyən səbəbləri var. Belə ki, layihə rəhbəri Əli Cəfərovun da dediyi kimi, çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçmir.
Sonra T.Əliyev debatda şagirdlərin iki qrupa bölünüb bu mərhələdə fəal sual-cavabla polemikada iştirak etməyə çağırdı. Hətta onlar arasında kiçik bir rəqabət mühiti də yaradaraq bir qrupdan ailə dəyərlərinin qorunmasının vacibliyini., digər qrupdan isə əks mövqedə dayanaraq müasir dövrün gətirdikləri dəyişikliklərin qaçılmaz olduğunu əsaslandırmalarını söylədi. Amma əlbəttə ki, öz düşündükləri və könüllü iştirakçılıqları əsasında. Debatın bu hissəsi çox maraqlı, qarşılıqlı müzakirə və mübahisələrlə davam etdi. Eyni zamanda qruplar yenilikçi və klassik ailələdə Yeni il və Novruz bayramlarını necə qeyd edirlər fikrinin ətrafında da geniş müzakirələr apardılar.
Debatda "Ailə dəyərlərinin insanın formalaşmasındakı rolu”,”Ənənəvi ailə dəyərləri müasir dövrün tələbləri ilə uzlaşa bilirmi”, "Texnologiya və sosial şəbəkələrin ailə münasibətlərinə müsbət və mənfi təsiri”, "Bu gün ailələrin dagılmasına nələr səbəb nə olur? və s. suallar və onlara verilən cavablar səsləndirildı.
Sonra tanınmış yazar, layihənin eksperti Nəzirməmməd Zöhrablı çıxış edərək "EVİMİZ-DƏYƏRLƏRİMİZ” layihəsinin ailələrdən, evlərdən başlayaraq xalqımızın və dövlətimizin yaşamasına qədər geniş bir sferanı əhatə etdiyini dilə gətirdi və layihəni həyata keçirənlərə təşəkkür etdi. O, həmçinin ailə dəyərlərini, ardınca milli-mənəvi dəyərləri qoruyan Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundovun, Məhəmməd Əmin Rəsulzadənin, Heydər Əliyevin, Əli bəy Hüseynzadənin və digər milli dəyərlərimizə bağlı olan tarixi şəxsiyyətlərimizin Azərbaycan xalqına nə qədər yaxından can yandırdıqlarını söylədi, onların təhsil, maariflənmə işinə verdikləri çoxsaylı töhfələri dilə gətirdi. Şagirdlərə bir daha səslənərək onları əvvəlcə ailə dəyərlərini, sonra milli dəyərlərimizi qorumağa, milli-mənlik şüurunun inkişafına dəstək olmağa çağırdı.
Təlim qarşılıqlı sual-cavab və replikalarla dinamik şəkildə davam etdirildi. Debatlarda şagirdlərdən Qəhrəmanlı Zəhra, Həbibi Zəhra, Səfiyev Rəsul, Hağızadə Fatımə, Behbudova Mələk, Əlizadə Amin və başqaları suallara ətraflı cavab verərək fəallıq göstərdilər. Debatın sonunda müsbət və mənfi fikirlər, sualların cavablandırılması, nitq mədəniyyəti, komanda işi və s. məsələlər təlimçi və ekspert tərəfindən dəyərləndirilib qiymətləndirildi.
Debat foto və video çəklişlərin müşayiəti ilə təşkil edildi.
Şərhlər