Xəbər lenti

Futbolun əfsanəsi niyə ölüb? - Həkimlər məhkəmə qarşısında
İdman 14:00 13.05.2026

Futbolun əfsanəsi niyə ölüb? - Həkimlər məhkəmə qarşısında

Argentina və dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Armando Maradonanın ölümü ilə bağlı iş üzrə ifadə verən iki həkim onun vəfatından qısa müddət əvvəl yüksək təzyiq dərmanlarını qəbul etməyi dayandırdığını iddia edib.

Qaynarinfo xəbər verir ki, paytaxt Buenos-Ayresə bağlı San-İsidro Cinayət Məhkəməsində keçirilən iclasda Maradonanın müalicəsində iştirak edən həkimlər onun son dövrdəki sağlamlıq vəziyyəti barədə məlumat veriblər. 

Kardioloq Oskar Franko bildirib ki, 2 sentyabr 2020-ci ildə La-Platada yerləşən "Ipensa” klinikasında aparılan müayinədə Maradonanın "Losartan” adlı yüksək təzyiq dərmanı qəbul etdiyi müəyyən edilib. Franko bu dərmanın dayandırılmasının damar sistemi və ürək əzələsində pozuntulara səbəb ola biləcəyini və ürək çatışmazlığı riskini artırdığını qeyd edib. 

Daxili xəstəliklər üzrə mütəxəssis Markus Koreya isə 2 noyabr 2020-ci ildəki müayinədə Maradonanın dərman siyahısında üç fərqli psixiatriya preparatı gördüyünü, lakin yüksək təzyiq dərmanına rast gəlmədiyini bildirib.

Prokurorluq Maradonanın ölümünün qarşısının alınıb-alınmaması məsələsinə fokuslanıb və evdə tətbiq olunan müalicənin yetərsiz olduğunu, həmçinin müntəzəm tibbi nəzarətin aparılmadığını iddia edir. İttihama görə, tibbi heyət Maradonanın vəziyyətindəki pisləşməni kifayət qədər nəzərə almayıb.

Prokurorlar futbol əfsanəsinin "öz taleyinə buraxıldığını” bildirir. İş üzrə beyin cərrahı Leopoldo Luki və psixiatr Agustina Koçovan da daxil olmaqla 7 tibb işçisi mühakimə olunur.

Maradona 25 noyabr 2020-ci ildə Buenos-Ayres əyalətinin Tigre şəhərində "xroniki ürək çatışmazlığı nəticəsində kəskin ağciyər ödemi” səbəbilə dünyasını dəyişib. Ölüm prosesi ilə bağlı tibbi səhlənkarlıq iddiaları məhkəmədə araşdırılmağa davam edir.

Aydın

--> -->