Xəbər lenti

Üzümü özümə tuturam!
Məqsəd Nur
Ölkə 13:17 31.12.2024

Üzümü özümə tuturam!

Şərti Şərq təqviminə görə 2025-ci il yaşıl taxta (ağac) İlan ilidirsə, dövriyyəyə kiçik əjdahalar girmiş olacaq. Çünki Çində ilanlar kiçik əjdaha hesab edilir. Belə çıxır ki, kiçik əjdahalar üçün fürsət ilidir...
 
Ümidlərin cücərməsi naminə uydurulan bu kimi nağıllar cəlbedici olduğu qədər də düşündürücüdür. İlan ilinin dəyişikliklər və yeni imkanlar ili hesab edilməsi bir çox istehlak industriyalarının işinə yarayacaq. Həyat dəb və rənglər burulğanında davam edəcək.
 
Mənə görə, 2024-cü il hər cür Qərb mədəniyyəti ilə ünsiyyətimin tükəndiyi il oldu. Xeyli mütaliə etdim. Həm Qərbdən, həm də Şərqdən. Hətta bir az yoruldum: elə hər ikisindən... Bu il yenə üzümü daha çox özümüzdən şərqə tutacam - Çin, Hindistan, Vyetnam, Cənubi Koreya və sair. 

1992-ci ildə rəhmətlik Rəşid Şerif (dəyərli rəssam və karikaturist) mənə "yapon ədəbiyyatının Çexovu" hesab edilən Syuqoro Yamomotonu oxumağı məsləhət görmüşdü. Halbuki sonradan bu yazıçının Çexovla müqayisənin nə qədər şərti, mənasız olduğunu gördüm. Rus-sovet tənqidçiliyində klassik yanaşma xəstəliyi var: şərqdirsə, mütləq qərbdən kiminləsə müqayisə edilməlidir. Eyni adət bizdə də davam edir.
 
Rəşid Yamomotonun "Bizim küçə boyunca qaçıb-gedən tramvay" adlı (tərcümə şərtidir) hekayəsini xüsusilə vurğuladı və o hekayənin motivlərindən də "Bir Cənub şəhəri" filmində məharətlə istifadə edildiyini dedi. O vaxtlar müdrik Borxesi oxumağa başlamışdım. Lakin Yamomoto məni heyran etdi.
 
Hətta ona qədər oxuduğum yapon ədəbiyyatı (Nidze, Akutaqava və s.) mənə belə təsir göstərməmişdi. İndi düşünürəm ki, ədəbiyyatın açdığı yelçəkən qapılar heç vaxt bağlanmır...
 
2025-ci ili özümçün Rəşid Şerif ili elan edirəm. Onun yaradıcılığını, irsini, həyatını daha dərindən öyrənmək barədə fikrimin dərinliklərində tutduğum planlarımı həyata keçirməyə çalışacağam. Axı Rəşidin evi, küçəsi, əsərləri elə də uzaqda deyil. Bəs niyə mən indiyədək bu istəyimi həyata keçirməmişəm? Görünür, indiyədək "böyük əjdahalar"ın quyruğundan yapışmışam, ona görə... 

Hə, onu da deyim, yaddan çıxmasın, üzünüzü ora-bura tutmaqdansa, özünüzə tutun. Yeni iliniz mübarək!

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->