İlkin mərhələdə sertifikasiya imtahanında uğursuz nəticə göstərən tibb işçilərinin sayında artım müşahidə olunmur və bu göstərici azalma tendensiyası nümayiş etdirir. İmtahandan birinci cəhddə keçə bilməyənlərin əhəmiyyətli hissəsi, yəni 60 faizdən çoxu üç ay ərzində təkrar imtahan verərək müvəffəqiyyət qazanır.
Bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, regionlarda kadr çatışmazlığını və bəzi tibb işçilərinin alternativ gəlir mənbəyi olmadığını nəzərə alaraq, sertifikasiyadan keçə bilməyən şəxslər üçün onların iş yerləri və əməkhaqları altı ay müddətinə saxlanılacaq. Bu müddət ərzində həmin şəxslərə təkrar imtahan üçün şərait yaradılacaq.
T.Əhmədova, həmçinin qeyd edib ki, tibb işçiləri üçün iki həftəlik təkmilləşdirmə proqramları təşkil olunur və bu proses artıq distant formada da həyata keçiriləcək. Tibb sahəsində çalışan mütəxəssislər beş il ərzində 250 kredit toplamaqla, sertifikasiyadan azad edilə bilərlər. Bununla belə, istəkdən asılı olaraq kredit toplamadan birbaşa sertifikasiya imtahanına qatılmaq hüququ da saxlanılır.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 108 nömrəli qərarına dəyişikliklərin hazırlanması da planlaşdırılır. Bu dəyişikliklər çərçivəsində imtahan suallarının çətinlik səviyyəsinə görə kateqoriyalara bölünməsi və sual bazasının daim yenilənməsi nəzərdə tutulur.//Modern.az
Şərhlər