"Cari ilin sonu, 2026-cı ilin birinci rübünə qədər manata münasibətdə hər hansı bir təzyiq gözlənilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov son zamanlar Azərbaycanın ticarət balansında idxalın artması, ixracın isə azalması fonunda manatı gözləyən aqibət barədə danışarkən deyib:
"Nəzərə almaq lazımdır ki, son iki ildə idxal artır, ixrac isə azalır. Belə vəziyyətin yaranmasının əsas səbəbi neft hasilatının azalması ilə bağlıdır. Ölkə iqtisadiyyatı hələ də 90 faiz civarında neft amilindən, karbohidrogen ehtiyatlarının ixracından asılıdır. Neft hasilatı isə azalır. Bununla yanaşı dünya bazarlarında neftin qiyməti aşağı düşür. Fevral ayında brent markalı neftin bir barreli 82 dollar idisə, hazırda 65 dollardan aşağıdır. Amma hələlik ticarət balansı müsbət olaraq qalır. Bu səbəbdən hələlik manata qarşı hər hansı bir təzyiq yoxdur. Cari ilin sonuna qədər olan proqnozlar göstərir ki, tədiyyə balansımızda hər hansı bir mənfi saldo yaranmayacaq. Deməli, ilin sonu, hətta 2026-cı ilin birinci rübünə qədər manata münasibətdə hər hansı bir problem gözlənilmir”.
Ekspert qeyd edir ki, yalnız tədiyyə balansında mənfi mənzərə yaranacağı təqdirdə manata qarşı təzyiqlər arta bilər.
Qeyd edək ki, son zamanlar Azərbaycanın ticarət balansında idxalın artması, ixracın isə azalması tendensiyası müşahidə edilir. Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon dollara bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13,6 milyard dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7,5 faiz artım), idxal isə 8 milyard 132,9 milyon dollar (48,8 faiz artım) təşkil edib. Yəni xarici ticarət dövriyyəsində cəmi 651,79 milyon dollarlıq müsbət saldo yaranıb. Bu rəqəm isə ötən ilin eyni dövrünə nisbətən 4,1 dəfə azdır.
Rüfət Sultan
Şərhlər