Xəbər lenti

Dünya 18:27 27.05.2025

"Bu, Medvedyevin növbəti blefidir" - Ekspert

"Bu, Medvedyevin növbəti blefidir. Daha yaxşı olar ki o, spirtli içkilərdən uzaq olsun. Çünki bu halda o, hətta dünyanı altını üztünə çevirəcəklərilə bağlı bəyanatlar verir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyevin Ukraynanın bütün ərazisini əhatə edəcək "bufer zona" yaradacaqları barədə fikrini şərh edərkən deyib.
 
Üzeyir Cəfərov bildirib ki, Rusiyadan gələn bu tip bəyanatlara artıq təəcüblənmək lazım deyil:

"Qərb Ukraynaya verilən silahlarla bağlı məhdudiyyəti aradan götürəndən sonra, Rusiyada dərhal isterika başlayıb. Bu fonda Rusiya Xarici İşlər Nazirliyinin keçmiş rəsmisi Qriqori Karasin hətta Almaniyanı da vura biləcəklərilə hədələyib. Ona görə Medvedyevin həmin açıqlaması da zərrə qədər təəccüb doğurmur. Böyük bir dövlət 4 ildir əliyalın Ukraynanı ram edə bilmir. Amma Medvedyev bufer zonadan dəm vurur. Bu isə "yağmasalar da guruldamaq" anlamına gəlir. Dünənə qədər denasifikasiyadan, delimitasiyadan dəm vururdular. Bu gün isə bufer zona yaratmağı ortaya atırlar".



Ekspertə görə, Rusiyadan gələn belə açıqlamaları artıq heç kim ciddi qəbul etmir: 

"Artıq Kiyevə uzaqmənzilli silahlara qoyulan istifadə məhdudiyyəti aradan götürülüb. Medvedyev də bu əsasda ona görə narahatdır ki, Ukrayna sözügedən silahlarla Moskvanı, Rusiyanın dərinliklərindəki hərbi hissələr, aerodromlar, loqistika yollarını vuracaq".

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrinin Ukraynaya hərbi yardım göstərməyə davam etməsi halında Rusiyanın bu ölkə ərazisində praktiki olaraq bütün ərazini əhatə edən "bufer zona" yaradacağını bəyan edib. O, bu barədə X sosial şəbəkəsində Ukraynanın xəritəsi ilə müşayiət olunan paylaşımında bildirib. Xəritəyə əsasən, Medvedevin senarisində Ukraynaya yalnız Polşa sərhədi yaxınlığında kiçik bir ərazi zolağı qalır. Xatırladaq ki, Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də sərhəd boyunca "təhlükəsizlik bufer zonası” yaradılması qərarını açıqlamışdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->