Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard bəyan edib ki, avro ABŞ dollarına alternativ ola və bu, Avropa İttifaqına (Aİ) böyük iqtisadi üstünlüklər qazandıra bilər. Bunun üçün isə üzv dövlətlər Aİ-nin maliyyə infrastrukturunu və təhlükəsizlik sistemini gücləndirməlidirlər.
Qaynarinfo "Reuters"ə istinadə xəbər verir ki, son aylarda ABŞ-ın qeyri-sabit iqtisadi siyasəti qlobal investorların narahatlığına səbəb olub və onlar dollar aktivlərindəki paylarını azaldıblar. Lakin investorların əksəriyyəti alternativ olaraq qızıla üstünlük veriblər – çünki başqa dayanıqlı valyuta görmürlər.
Qlobal miqyasda avronun rolu artıq bir neçə onillikdir ki, dəyişməz qalır. Bunun əsas səbəbi isə Aİ-nin maliyyə institutlarının hələ tam formalaşmaması və hökumətlərin dərinləşmiş inteqrasiyaya meyil göstərməməsidir.
"Hazırda baş verən dəyişikliklər avronun qlobal gücünü artırmaq üçün fürsət yaradır. Amma bu təsir avtomatik əldə edilməyəcək – onu qazanmaq lazımdır", deyə Laqard bildirib.
Hazırda ABŞ dolları qlobal valyuta ehtiyatlarının 58 faizini təşkil edir. Bu, son onilliklərin ən aşağı göstəricisidir, lakin hələ də avronun payı ilə müqayisədə (20 faiz) çox yüksəkdir.
Laqard qeyd edib ki, avronun mövqeyinin gücləndirilməsi hərbi qüdrətin artırılması ilə müşayiət olunmalıdır. Bu, strateji tərəfdaşlıq əlaqələrinin təsdiqlənməsi baxımından vacibdir.
"İnvestorlar geosiyasi zəmanətlərə fərqli formalarda üstünlük verirlər: onlar təhlükəsizlik baxımından etibarlı olan və hərbi gücü ilə ittifaqları dəstəkləyə bilən regionların aktivlərinə sərmayə qoyurlar", deyə Laqard vurğulayıb.
O bildirib ki, avronun beynəlxalq ticarətlə məşğul olan müəssisələr üçün daha cəlbedici valyutaya çevrilməsi vacibdir. Bu məqsədlə yeni ticarət sazişlərinin bağlanması, transsərhəd ödənişlərin genişləndirilməsi və CB ilə likvidlik razılaşmaları faydalı ola bilər.
Bununla yanaşı, Laqard qeyd edib ki, daxili iqtisadiyyatın islahatı daha təxirəsalınmaz vəzifə ola bilər. Onun sözlərinə görə, avrozonanın kapital bazarı hələ də parçalanmış, səmərəsizdir və investorlar üçün geniş əlçatan, likvid və təhlükəsiz aktivlər təklif etmir.
Laqardın fikrincə, Avropa bu istiqamətdə uğur qazanarsa, faydalar əhəmiyyətli olacaq: sərmayə axını avropalı oyunçulara daha aşağı faizlə borc almaq imkanı verəcək, valyuta məzənnəsi dəyişikliklərinə qarşı müdafiə təmin edəcək və beynəlxalq sanksiyalardan qorunmağa kömək edəcək.
Aydın
Şərhlər