"Hazırda siyasi müstəvidə İran və Orta Asiya ilə bağlı məsələlər, iqtisadi əməkdaşlıqda isə nəqliyyat məsələləri aktualdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Moskvada Rusiya XİN sədrinin müavini Mixail Qaluzinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşünü şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, burada əslində kompleks məsələlərdən söhbət gedir:
"Söhbət bir və yaxud iki məsələdən getmir, siyasi dialoqun müxtəlif dövrlərdə gündəmdə olan daha aktual mövzuları olur. Bu gün İranla bağlı məsələ aktualdır. Digər tərəfdən, yerindən qalxan Orta Asiyaya səfərlər edir, bu regionla münasibətləri genişləndirməyə çalışır. İki ölkənin ticari əlqələrdə isə nəqliyyat məsələləri aktualdır. Odur ki, siyasi dialoq və ticarət əlaqələrilə bağlı müzakirə edilən məsələlər kompleks məsələləri əhatə edir. Ayrıca hansısa bir problem nəzərdə tutulmur. Zamandan, ümumi mühitdən asılı olaraq, müzakirələrdə bu və ya digər məsələlər önə keçir".
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşüb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər 2022-ci il fevralın 22-də iki dövlət rəhbərləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub.
Rüfət Sultan
Şərhlər