PUA ilə Azərbaycana narkotik atdılar, götürmək istəyəndə ələ keçdilər (VİDEO)
İrandan Azərbaycana pilotsuz uçuş aparatı ilə (PUA) atılmış narkotiki götürmək istəyən şəxslər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumatı yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə PUA səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən iki nəfər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılmış, xidməti ərazi qapadılıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılmış, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər