Böyük Britaniyada müalicə məqsədli yeni bir layihə başlanılıb. Bu layihə çərçivəsində xüsusi təlim keçmiş itlər, mukovissidoz (kistoz fibroz) xəstəliyindən əziyyət çəkən insanlarda çətin aşkar olunan infeksiyaları müəyyən etməyə kömək edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian"
məlumat yayıb.
Layihənin əsas qəhrəmanı Jodi adlı qızılı labrador cinsindən olan itdir. O, mukovissidozlu xəstələrə xas olan xüsusi qoxunu hiss edə bilir. Mukovissidoz irsi xəstəlik olub, ağciyərləri və digər orqanları zədələyir.
İmperial Kollecinin professoru Ceyn Deyvis layihənin əhəmiyyətini belə izah edir:
"Modulyasiyaedici dərmanlar qəbul etdikdən sonra xəstələrdə bəlğəm azalır. Bu isə ağciyərlərdə bakteriyaların aşkar edilməsini çətinləşdirir, çünki hər zaman analiz üçün nümunə götürmək olmur. Məhz bu halda itlər köməyə gəlir".
Bir neçə il əvvəl Deyvisin komandası Pseudomonas aeruginosa adlı bakteriyanı itlərin laboratoriya şəraitində aşkar etməsi üçün onları təlim edib. Bu bakteriya ağciyərlərdə iltihab, sidik yollarında infeksiya və hətta sepsis yarada bilər.
Təcrübə zamanı itlər Pseudomonas bakteriyası olan nümunələri müəyyənləşdirmək üçün xüsusi otağa buraxılıblar. Nümunələrin bəzilərində bu bakteriya olub, bəzilərində isə digər mikroorqanizmlər və ya ümumiyyətlə heç nə olmayıb. Əgər it düzgün nümunəni tapıbsa, həmin nümunənin yanında oturub.
Professor Deyvis əlavə edir:
"Biz sübut etdik ki, itlər laboratoriya şəraitində Pseudomonas bakteriyasını aşkar edə bilirlər. İndi isə onları bakteriyaları xəstələrin dərisində, sidiyində və ya hətta geyimində tanımaq üçün öyrətmək istəyirik".
Müvafiq infeksiyaların diaqnostikası adətən invaziv prosedurlar tələb edir və bu testləri mütəmadi təkrarlamaq çətindir. Lakin itlər bakteriyaları sürətli və ağrısız şəkildə aşkar edə bilər.
Bundan əlavə, bu metod antibiotiklərə davamlılığın artması problemini həll etməyə kömək edə bilər. Çünki antibiotiklər yalnız konkret bakteriyaya uyğun təyin olunmalıdır. Əks halda, bakteriyaların dərmanlara qarşı müqaviməti artır.
Gələcəkdə bu texnologiyanın müxtəlif xəstəlik və infeksiyaları olan digər xəstələrdə də tətbiqi planlaşdırılır. Çünki "tibbi diaqnostika itləri" bahalı laboratoriyalara ehtiyac olmadan bakteriyaların aşkarlanmasına imkan yaradır.
Professor Deyvis layihənin perspektivlərini belə yekunlaşdırır:
"Dərmanlara davamlı bakteriyalarla mübarizədə bütün mümkün müttəfiqlərə ehtiyacımız var. Belə itlər, məsələn, Jodi, etibarlı köməkçimiz ola bilər".
Alpər
Şərhlər