Rusiya bildirir ki, Ər-Riyadda amerikalı nümayəndə heyəti ilə aparılan məsləhətləşmələrdən sonra yekun bəyanat Ukraynanın mövqeyinə görə qəbul olunmayıb.
Qaynarinfo xəbər verir ki, bunu "Rossiya 24" telekanalının efirində Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Vladimir Çijov deyib.
Çijov Ər-Riyadda baş tutan görüşü Rusiya-Amerika təmaslarının davamı adlandırıb. Onun sözlərinə görə, bu təmaslar Rusiya və ABŞ liderləri – Vladimir Putin və Donald Tramp arasında telefon danışığı ilə başlayıb.
"Oturub 12 saat müzakirə apardılar və guya ki, birgə bəyanat razılaşdırılıb, lakin bu bəyanat Ukraynanın mövqeyinə görə qəbul edilməyib. Bu da kifayət qədər xarakterik və əlamətdardır", – deyə senator bildirib.
Bundan əvvəl Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin 24 martda Səudiyyə Ərəbistanında baş tutan iki nümayəndə heyətinin görüşünü şərh edərək, danışıqların çətin, lakin Moskva və Vaşinqton üçün faydalı olduğunu söyləmişdi.
Rusiya təbliğat mediasının məlumatına görə, Rusiya və ABŞ arasında görüş fasilələrlə birlikdə 12 saat davam edib və sonradan birgə bəyanatın yayımlanacağı bildirilmişdi.
Kreml bəyan etmişdi ki, Səudiyyə Ərəbistanında amerikalı nümayəndə heyəti ilə müzakirələrin mərkəzində Rusiya tərəfindən 2023-cü ildə tərk edilmiş Qara dəniz taxıl təşəbbüsünün bərpası məsələsi dayanır.
25 mart, çərşənbə axşamı, Səudiyyə Ərəbistanında Kiyev və Moskva arasında atəşkəs məsələsi üzrə Ukrayna və ABŞ nümayəndə heyətlərinin yeni görüşü keçirilib.
Alpər
Şərhlər