"İsrailin hazırkı əməliyyatları təkcə hərbi və ya təhlükəsizlik məqsədləri daşımır, həmçinin siyasi, regional və beynəlxalq amillərlə sıx bağlıdır".
Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Azər Hüseynov İsrailin Qəzza zolağında hərbi əməliyyatları yenidən bərpa etməsini şərh edərkən deyib.
Onun bildirdiyinə görə, İsrailin yenidən hərbi əməliyyatlara başlaması bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır:
"Birincisi, İsrail daxilində siyasi vəziyyət kifayət qədər gərgindir. Netanyahu hökumətində son zamanlar daxili ixtilaflar güclənib, bəzi şəxslərin istefaya göndərilməsi hökumət böhranına işarə edir. Belə vəziyyətdə xarici təhlükə faktorunun qabardılması hökumətə müvəqqəti də olsa, daxili dəstəyi artırmaq imkanı verir.
İkincisi, beynəlxalq kontekstdə İsrailin bu addımı atması üçün müəyyən imkanlar yaranıb. Türkiyədə daxili gərginliklər müşahidə olunur və Ankara regional məsələlərə əvvəlki qədər aktiv müdaxilə edə bilmir. Eyni zamanda, İranın bölgədəki təsiri müəyyən qədər azalıb. Son aylarda İran daxilində etirazlar və siyasi qeyri-sabitlik müşahidə olunur, bu da onun xarici siyasətdə fəallığını müəyyən qədər məhdudlaşdırır. Həmçinin, ABŞ-ın İsrailə verdiyi güclü dəstək və Qərb ölkələrinin Ukrayna münaqişəsinə daha çox diqqət ayırması İsrailə öz regional planlarını həyata keçirmək üçün münbit şərait yaradır".
Ekspert düşünür ki, bu əməliyyatlar nəticəsində İsrailin yeni əraziləri ələ keçirməsi mümkündür, lakin bu, uzunmüddətli nəzarət anlamına gəlməyəcək:
"Çünki Fələstin müqavimət qrupları partizan müharibəsi təcrübəsinə malikdir və İsrailin nəzarət etdiyi ərazilərdə də fəaliyyət göstərə bilirlər. Tarix dəfələrlə sübut edib ki, bir ərazinin hərbi yolla işğalı onun tam nəzarətə götürülməsi anlamına gəlmir. Xüsusilə Qəzza kimi sıx məskunlaşmış və müqavimət ənənəsinə malik bir yerdə İsrailin tam nəzarət əldə etməsi mümkün deyil".
Konfliktoloq qeyd edir ki, Yaxın Şərqdəki proseslər həmişə planlaşdırılmış strategiyalarla yanaşı, gözlənilməz faktorların təsiri ilə də inkişaf edir:
"Bölgədə böyük güclərin planlaşdırdığı siyasətlər assimetrik oyunçuların hərəkətləri ilə dəyişə bilər. Məsələn, "Hizbullah”ın və ya İranın hər hansı bir cavabı İsrailin hərbi strategiyasını çətinləşdirə bilər. Bütün bunlar onu göstərir ki, İsrailin hazırkı əməliyyatları təkcə hərbi və ya təhlükəsizlik məqsədləri daşımır, həmçinin siyasi, regional və beynəlxalq amillərlə sıx bağlıdır".
Azər Hüseynovun fikrincə, İsrailin bu addımları fonunda daha genişmiqyaslı münaqişənin başlaması riski isə bölgədəki əsas aktorların reaksiyasından asılı olacaq.
Qeyd edək ki, artıq bir neçə gündür İsrail Yaxın Şərqdə yenidən hərbi əməliyyatlara start verib. İsrail, 19 yanvarda əldə edilən atəşkəs razılaşmasından sonra, martın 18-dən başlayaraq, Qəzza zolağına qarşı yenidən genişmiqyaslı hava hücumlarına başlayıb. İsrailin müdafiə naziri bildirib ki, HƏMAS qalan 59 girovu azad etməsə hərbi əməliyyatları dayandırmayacaqlar. Məlumatlara görə, hava hücumları nəticəsində ən azı 400 fələstinli həlak olub. İsrail Qəzzənin şimal və mərkəzi bölgələrində bəzi ərazilər üçün təxliyə əmrləri verib.
Rüfət Sultan
Şərhlər