Xəbər lenti

Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Etibar Əsədlinin konserti keçirildi
Video 11:11 24.03.2025

Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Etibar Əsədlinin konserti keçirildi

Novruz bayramı münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC-Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Toronto şəhərində tanınmış pianoçu Etibar Əsədlinin caz konserti baş tutmuşdur.
 
Konsertin açılışında NAC İdarə Heyətinin sədri Dmitriy Kirillov çıxış edərək qonaqları salamlamış, Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışmış və icma üzvlərini təbrik etmişdir. D. Kirillov tədbir iştirakçılarına NAC-in fəaliyyəti barədə məlumat verərək Kanadanın azərbaycanlı icmasının maraqlarının müdafiə edilməsi istiqamətində təşkilatın gördüyü işlərdən danışmışdır.
 
 
Daha sonra Azərbaycanda cazın tarixi və onun muğamla sintez edilərək özünəməxsus inkişaf yolundan bəhs edən qısa film nümayiş etdirilmişdir. Filmdən sonra davam edən proqramda pianoçu Etibar Əsədli və onu müşayiət edən musiqiçilər Azərbaycan muğamı və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin bəstələrinin cazla sintezini ustalıqla ifa etmişlər. E.Əsədlinin özünə aid bir neçə musiqi kompozisiyası da qonalara təqdim edilmişdir. Tamaşaçılar Azərbaycan musiqisinin caz vasitəsilə təqdimatını yüksək qiymətləndirərək, konsertin sonunda caz trionu alqışlarla bir daha səhnəyə dəvət etmişlər.
 
 
Beş yüz nəfərə yaxın tamaşaçının qatıldığı konsertdə Kanadada yaşayan azərbaycanlılar və şəhər sakinləri ilə yanaşı Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili V.Abutalıbov, Kanada hökumətinin Dövlət Xidmətləri və Transformasiyası naziri A.Ehsasi və Kanada Xarici İşlər nazirinin parlamentdəki təmsilçisi millət vəkili R.Olifant da iştirak etmişlər.
 
 
Azərbaycan mədəniyyətinin Kanadada tanınması məqsədilə NAC tərəfindən bir neçə ildir ki, ardıcıl tədbirlər təşkil edilir. Ötən il digər istedadlı musiqiçi Turan Manafzadənin rəhbərlik etdiyi "Yeddi Gözəl” ansamblının konserti də tamaşaçılar tərəfindən eyni coşğu ilə qarşılanmışdı.
 
 
Qeyd etmək istərdik ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə 2020-ci ilin 27 sentyabr tarixində yaradılmışdır və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->