Məşqlərin insan sağlamlığına təsiri cinsə görə fərqlənə bilər. Son elmi araşdırmalar göstərir ki, qadınlar idmandan kişilərlə müqayisədə daha çox fayda görürlər və bu faydanı daha az səylə əldə edə bilirlər.
Qaynarinfo xəbər verir ki, "LiveScience" portalının yazdığına görə, bu nəticələr 2024-cü ildə Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan araşdırmaya əsaslanır.
Araşdırmada 27-61 yaş arası 412 mindən çox amerikalının məlumatları təhlil edilib, onlardan 55 faizi qadın olub. Məlumatlar ABŞ-ın Milli Sağlamlıq Sorğusu (NHIS) əsasında 1997-2017-ci illər arasında toplanıb və ölüm halları ilə əlaqələndirilərək 2019-cu ilin sonuna qədər təhlil olunub.
Araşdırmanın nəticələri nə göstərdi?
Qadınların 32 faizi, kişilərin isə 43 faizi həftədə ən azı 150 dəqiqə aerobik məşqlərlə müntəzəm şəkildə məşğul olduqlarını bildirib. Fiziki aktiv olan qadınlar, eyni cinsdən olan passiv insanlara nisbətən 24 faiz daha az ümumi ölüm riski ilə qarşılaşıblar. Bu göstərici kişilər üçün isə yalnız 15 faiz olub.
Ən böyük fərqlərdən biri də məşqlərin effektinin zamanla ölçülməsində müşahidə olunub. Belə ki, kişilərdə ölüm riskində əhəmiyyətli azalma yalnız həftədə 300 dəqiqəlik orta və ya intensiv fiziki fəaliyyətlə müşahidə olunub (18% azalma), qadınlarda isə bu fayda həftədə cəmi 140 dəqiqəlik fəaliyyətlə əldə olunub.
Qadınlar məşqlərdən daha çox fayda görür
Tədqiqat göstərib ki, fiziki fəaliyyətin müddətindən asılı olmayaraq, qadınlar bütün məşq səviyyələrində "nisbətən daha çox fayda" əldə edirlər. Məsələn, həftədə iki dəfə və ya daha çox qüvvə məşqləri edən qadınlar, heç məşq etməyən və ya az məşq edən qadınlarla müqayisədə 19 faiz daha az ölüm riski daşıyırlar. Kişilərdə isə bu rəqəm 11 faiz olub.
Bu fərq xüsusilə ürək-damar sağlamlığında daha qabarıq görünür. Aerobik fəaliyyətlə məşğul olan qadınlar ürək-damar xəstəliklərindən ölüm riskini 36 faiz azaldır. Bu göstərici kişilərdə cəmi 14 faizdir. Əzələ gücləndirici məşqlər isə qadınlarda ürək-damar riskini 30 faiz, kişilərdə isə 11 faiz azaldıb.
Bu nəticələr 2011-ci ildə "Circulation" jurnalında dərc olunan və 33 araşdırmanın nəticələrini birləşdirən metaanalizlə də üst-üstə düşür. Həmin metaanalizdə də qadınların fiziki fəaliyyətə daha yüksək dərəcədə müsbət cavab verdiyi bildirilirdi.
Aydın
Şərhlər