Xəbər lenti

Kosmosda sirli kürə: Əvvəllər görünməyib, bəs necə yaranıb?
Dünya 17:44 19.05.2025

Kosmosda sirli kürə: Əvvəllər görünməyib, bəs necə yaranıb?

Avstraliyalı alimlər Sü Yolu qalaktikasında indiyədək müşahidə edilməmiş, demək olar ki, mükəmməl kürə formasında olan supernova qalıntısını aşkar ediblər. Elm dünyası bu sirli quruluşun necə yarandığını anlamağa çalışır.

Qaynarinfo xəbər verir ki, Uestern Sidney Universitetindən astrofizik Miroslav Filipoviçin rəhbərlik etdiyi tədqiqat qrupu qalaktikamızda fövqəladə dərəcədə simmetrik quruluşa malik bir supernova qalıntısı müşahidə edib. Qalıntıya qədim yunan dilində "mükəmməl" mənasını verən Teleios adı verilib.

Teleiosun özəlliyi yalnız forması ilə məhdudlaşmır. Əvvəlki supernova qalıntılarında rast gəlinən rentgen və görünən işıq yayımı bu quruluşda müşahidə olunmur. Teleios yalnız radio dalğaları yayır, bu isə onun sirrini daha da artırır.

Alimlər bu quruluşun Tip Ia supernova qalıntısı ola biləcəyini düşünürlər. Bu növ partlayışlar, ağ cırtdan ulduzların partlaması nəticəsində baş verir. Lakin məsələ tam aydın deyil.

Tədqiqatçılar Teleiosun dəqiq hansı məsafədə yerləşdiyini müəyyənləşdirməkdə çətinlik çəkirlər. İki fərziyyə var: ya 7 min, ya da 25 min işıq ili uzaqda yerləşə bilər.

Bu fərq, quruluşun ya 46 işıq ili diametrində gənc bir obyekt, ya da 157 işıq ili diametrində çox daha yaşlı bir obyekt olduğunu göstərir. Lakin hər iki halda belə simmetrik formanın necə qorunduğu izah edilə bilmir.

Başqa bir ehtimal isə onun Tip Iax supernova nəticəsində yaranmasıdır. Bu tip partlayışlarda ulduz tamamilə məhv olmur və "zombi ulduz" adlanan bir qalıq geridə qalır. Lakin bu ssenarinin doğru olması üçün Teleiosun daha yaxın – təxminən 3 min işıq ili məsafədə – olması lazımdır, mövcud məlumatlar isə bunu dəstəkləmir.

Əksər supernova partlayışları qeyri-sabit olduqları üçün ətrafdakı qaz və tozla qarşılıqlı təsirə girərək asimmetrik quruluşlar əmələ gətirir. Ancaq Teleios demək olar ki, tamamilə mükəmməl kürə şəklindədir. Bu isə onu astronomiya tarixində nadir görülən obyektlərdən birinə çevirir.

Tədqiqat qrupu bu maraqlı kosmik obyekt barədə daha çox məlumat əldə etmək üçün daha yüksək həssaslığa və çözünürlüklü teleskoplara ehtiyac olduğunu vurğulayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->