Çin hökuməti iqtisadi çətinliklər səbəbindən dövlət qulluqçularına xərcləri azaltmağı əmr edib. Yeni göstərişlərə əsasən, artıq işgüzar naharlarda bahalı içkilər, siqaretlər və dəbdəbəli yeməklər təqdim olunmayacaq, rəsmi toplantılarda isə bəzək üçün istifadə edilən bahalı güllərə yer verilməyəcək.
Qaynarinfo "The Washington Post"a
istinadən xəbər verir ki, Çin hazırda ABŞ-la davam edən ticarət müharibəsi və ölkədaxili iqtisadi artımın yavaşlaması ilə üz-üzədir. Bu vəziyyət fonunda, Pekin rəsmilərindən "qənaətcil həyat tərzi” sürmələri tələb olunub.
Ölkənin rəsmi qəzeti "People’s Daily"də dərc olunan məqalədə qeyd olunur: "Qənaət praktikasının təşviqi və israfçılığa qarşı mübarizə - partiyamızın şərəfli ənənəsi və yüksək üslubudur".
İsraf - rüsvayçılıq, qənaət - hörmət
Şanxayda dərc olunan "The Paper" nəşri isə bu kampaniyanın məqsədinin, "israfın rüsvayçılıq, qənaətin isə hörmət əlaməti sayıldığı" bir ictimai mədəniyyət yaratmaq olduğunu bildirib.
Analitiklər bu kampaniyanı Çin lideri Si Szinpinin qeyri-müəyyən dövrdə idarəetməni gücləndirmə cəhdi kimi qiymətləndirirlər. "China Media Project"in direktoru Devid Bandurski bildirib: "Bu cür kampaniyalar həmişə siyasi güc və legitimliklə əlaqəlidir. Onlar şəffaf idarəetmə və hesabatlılıqdan çox, rəhbərliyin nəzarət və intizam nümayiş etdirməsinə xidmət edir".
Keçmişdən tanış kampaniya
Bu, Çin rəhbərliyinin israfçılığa qarşı ilk tədbiri deyil. Si Szinpin 2012-ci ildə hakimiyyətə gəldikdən az sonra korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya start vermişdi. Həmin tədbirlərin bir hissəsi kimi, dövlət xərclərinin azaldılması da prioritet sayılmışdı. Bir çox analitikə görə, bu islahatlar siyasi rəqiblərin sıradan çıxarılmasına da xidmət edirdi.
Bu il mart ayında sözügedən qənaət kampaniyası yenidən gündəmə gətirilib.
Çin iqtisadiyyatında durğunluq
2024-cü ilin əvvəlində Çin iqtisadiyyatı gözlənildiyindən zəif artım göstərib. Aprel-iyun aylarında ölkənin iqtisadi artımı cəmi 4,7% təşkil edib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, deflyasiya riski, daşınmaz əmlak bazarında uzunmüddətli böhran, artan dövlət borcu və zəif istehlakçı və biznes əhval-ruhiyyəsi ilə mübarizə aparır.
İqtisadi artımı stimullaşdırmaq məqsədilə Çin hökuməti əsas faiz dərəcələrini və kreditləşmə faizlərini aşağı salıb. Lakin 2024-cü ilin üçüncü rübündə də böhranın davam etdiyi müşahidə olunub.
Aydın
Şərhlər