Xəbər verdiyimiz kimi, Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov vəfat edib. O, Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib.
Azərbaycan Karate-Do Federasiyası Arif Məmmədovun vəfatı ilə bağlı açıqlama yayıb. Qaynarinfo-ya daxil olan açıqlamada deyilir:
Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Arif Məmmədov 1977-ci ilin sentyabrın 16-da Gəncə şəhərində anadan olub. Orta təhsilini 1984-1994-cü illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə, ali təhsilini 1995-2000-ci illərdə Gəncə Dövlət Universitetinin "Hərbi və fiziki təlim" fakültəsində alıb.
Arif Məmmədov, uşaq yaşlarından karateyə böyük maraq göstərib və bütün həyatını tamamilə bu idman növünə həsr edib, bir çox idmançıların yetişməsində və Azərbaycanı layiqincə təmsil etməsində müstəsna xidmətlər göstərib. Karate üzrə üçqat dünya çempionu və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının prezidenti, 2021-ci ildən Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2021-ci ildə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçirilmiş seçkilərdə 2 il müddətinə Şuranın üzvü kimi fəaliyyət göstərib. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.
Mərhumla vida mərasimi avqustun 7-də Gəncə şəhərində baş tutacaq və o, burada dəfn ediləcək.
Azərbaycan Karate-Do Federasiyası adından Arif Məmmədovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə, yaxınlarına və onu sevənlərə dərin hüznlə başsağlığı veririk. Tanınmış idmançı və səmimi insan Arif Aydın oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Şərhlər