Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ABŞ prezidenti Donald Trampın Avropaya qarşı sərt və qeyri-müəyyən siyasəti fonunda Avropa İttifaqı ölkələrinin həmkarları ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat
yayıb.
O, 11 aprel tarixində Polşada Aİ ölkələrinin maliyyə nazirləri ilə görüşəcək və bildirilir ki, Rivz dünyada baş verən dəyişikliklərə görə blokun Britaniya ilə müdafiə xərcləri sahəsində daha sıx əməkdaşlıq etməli olduğunu vurğulayacaq.
"Britaniya Aİ-nin yeni müdafiə fonduna çıxış əldə etməyə çalışır, baş nazir Kir Starmer isə bu həftə bəyan edib ki, onun fikrincə, Britaniya müdafiə şirkətləri Aİ-nin silahlanma planına cəlb olunacaq – bu, yalnız Britaniya ilə Aİ arasında müdafiə və təhlükəsizlik paktı razılaşdırıldıqdan sonra mümkün olacaq”, – deyə "Bloomberg” xatırladır.
Nəşrin məlumatına görə, hər iki tərəf nikbin mövqedədir və bu cür paktın may ayında Londonda keçiriləcək ikitərəfli Britaniya-Aİ sammitində imzalanacağına ümid edilir.
Bununla belə, nəşrə danışan mənbələr bildiriblər ki, müdafiə və təhlükəsizlik sazişi ilə bağlı danışıqlar balıqçılıq hüquqları ilə bağlı fikir ayrılığı səbəbindən dayandırılmışdı. Lakin Trampın Aİ ölkələrinə qarşı tətbiq etdiyi tariflər bu danışıqları yenidən gündəmə gətirib.
Rivz Aİ maliyyə nazirlərinə bildirib: "Britaniya və Avropa arasında müdafiə sahəsində maliyyələşmə əməkdaşlığı bu qeyri-sabit dünyada daha çox təhlükəsizlik təmin edə bilər”.
Britaniyanın müdafiə naziri Con Hili isə açıqlayıb ki, Ukraynaya 519 milyon dollar dəyərində yeni hərbi yardım paketi təqdim olunacaq. Bu yardıma yüz minlərlə pilotsuz uçuş aparatı da daxil olacaq.
Bundan əvvəl "Bloomberg” yazmışdı ki, Britaniya və Fransa "istəkli koalisiya” çərçivəsində hərbi planlaşdırmanı sürətləndirəcək. Bu koalisiyanın məqsədi Ukraynanı mümkün atəşkəsdən sonra qorumaqdır. Növbəti iki həftə ərzində hər iki ölkə Ukraynanın hava, dəniz və quru təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirəcək.
"The Telegraph” isə daha əvvəl yazmışdı ki, Britaniya Avropa müdafiəsi üçün "kritik əhəmiyyət daşıyan” yeni bir raketi sınaqdan keçirib. Qeyd olunur ki, raketin mühərriki "transformasiyaedici potensiala” malikdir və Britaniya silahlı qüvvələrinə əməliyyat üstünlüyü verəcək.
Alpər
Şərhlər