Bolqarıstan rəsmi olaraq Avropa İttifaqından seçkilər ərəfəsində Rusiyanın müdaxiləsinin qarşısını almağa kömək etməyi xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" Bolqarıstan hökumətinin məktubuna istinadən yazıb.
Keçən həftə Bolqarıstan rəsmiləri diplomatik xidmətə müraciət edərək sosial şəbəkələr və təbliğat saytları vasitəsilə ictimai rəyin manipulyasiyasının qarşısının alınmasını tələb ediblər. Məlumata görə, ölkədə səsvermə öncəsi cəmiyyətdə parçalanma yaratmağa çalışan çoxsaylı Rusiya yönlü hesablar şəbəkəsi fəaliyyət göstərir. Seçkilər 19 apreldə keçiriləcək.
Hökumətin məktubunda bildirilir ki, bu dəstək ona görə lazımdır: "Seçki prosesinin bütövlüyünü poza biləcək koordinasiyalı dezinformasiya kampaniyaları və xarici müdaxilə riskinin artması nəzərə alınaraq".
Məlumata görə, Sofiya hətta tanınmış araşdırmaçı Xristo Qrozevi də cəlb edib. O, hibrid təhdidlərə cavab verəcək xüsusi bölməyə məsləhət verəcək.
Rəsmilərdən biri anonimlik şərti ilə bildirib ki, əvvəllər Bolqarıstan bu mövzularda "səssiz qalırdı”, lakin indi informasiya məkanının qorunması prioritetə çevrilib.
Ölkə həmçinin Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində "sürətli reaksiya sistemi”nin işə salınmasını istəyir. Bu mexanizm "Meta", "Google", "TikTok" kimi platformaların nümayəndələri ilə birgə dezinformasiyanın aşkarlanması və dayandırılmasına imkan verəcək.
Analitik Georgi Angelovun sözlərinə görə, buna oxşar vəziyyət Rumıniyada da müşahidə olunub: "TikTok"da gözlənilmədən az tanınan Rusiya yönlü namizəd qalib gəlib: "Rumıniyada gördüklərimizdən sonra bu, çox təhlükəli tendensiyadır".
Aydın
Şərhlər