Xəbər lenti

Azərbaycanın qızıl bazarında vəziyyət necədir? (AÇIQLAMA)
Ekonomiks 17:11 20.11.2025

Azərbaycanın qızıl bazarında vəziyyət necədir? (AÇIQLAMA)

Hazırda həm qlobal, həm də yerli qızıl bazarında dalğalanmalar davam edir. Dünyada baş verən iqtisadi proseslər - ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair gözləntilər, dollar indeksinin möhkəmlənməsi, iri həcmli qısamüddətli satış əməliyyatları və geosiyasi risklərdəki dəyişikliklər qızılın qiymətinə birbaşa təsir göstərir.

Dünyada gedən iqtisadi proseslər Azərbaycanda qızıl-zinət əşyalarının alıcılıq qabiliyyətinə və qiymətinə necə təsir edib?

Məsələylə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov Trend-ə açıqlamasında bildirib ki, qızılın dünya birjalarında qiyməti son aylarda tarixi maksimuma yaxınlaşıb, daha sonra isə korrektə mərhələsinə daxil olub.

"Hazırkı eniş qısamüddətli xarakter daşıyır və bazarın əsas trendlərini dəyişmir. Bu, mərkəzi bankların qızıl ehtiyatlarını artırmağa davam etməsi, qlobal inflyasiya risklərinin qalması və maliyyə bazarlarındakı qeyri-müəyyənliyin davam etməsi ilə bağlıdır. Qızıl bu səbəbdən hələ də təhlükəsiz aktiv kimi yüksək tələbatda qalır.

Azərbaycan bazarında qiymətlər beynəlxalq birjalardakı dinamikanı izləyir və məzənnə, logistika və digər xərclər nəzərə alınmaqla formalaşır. Bu səbəbdən həm zərrə, həm külçə, həm də zərgərlik məmulatlarının qiymətində gündəlik dəyişikliklər müşahidə olunur”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda qızılın qiyməti mağazaya, brendə, dizayna, çəkisinə və işçiliyin səviyyəsinə görə dəyişir.

R.Əmircanov hazırda bazarda müşahidə olunan orta göstəriciləri də açıqlayıb.

O, bildirib ki, hazırda dünya birjalarında qızılın 1 unsiyası 4 000 ABŞ dollarından yuxarı ticarət olunur.

"Azərbaycan bazarında 999 əyarlı (safi) qızıl: metal dəyəri təqribən 221 AZN, məmulat satışı 250–270 AZN aralığındadır. 750 əyarlı (18K) qızıl: metal dəyəri təqribən 167 AZN, məmulat satışı 200–240 AZN təşkil edir. 585 əyarlı (14K) qızıl: metal dəyəri təqribən 130 AZN, məmulat satışı 160–190 AZN intervalında dəyişir”.

İqtisadçı vurğulayıb ki, bu qiymətlər real bazar göstəricilərinə əsaslanır və beynəlxalq qızıl dəyərindəki dəyişikliklərə uyğun olaraq gündəlik yenilənir.

O dəyişən qiymətlər fonunda alıcılıq qabiliyyətinin dəyişməsi məsələsinə də aydınlıq gətirib:

Zərgərlik bazarında mövsümi dinamika çox mühümdür. Payız və yaz ayları ən yüksək satış dövrü hesab olunur. Son aylarda müəyyən yumşalma hiss olunsa da, ümumi alıcılıq qabiliyyətində ciddi azalma yoxdur.

Toy və ailə mərasimləri bazarda satışları sabit saxlayan əsas amildir. Bundan başqa, qızıl yalnız bəzək əşyası deyil, həm də investisiya vasitəsidir. Bu səbəbdən külçə və sikkə qızıl üzrə satışlarda müəyyən artım müşahidə edilir.

İqtisadçı bildirib ki, qiymətli daşlar seqmentində satışlar büdcə qruplarına görə dəyişsə də, ümumi dinamika sabitdir.

"Qiymətli daşlar bazarı daha stabil fəaliyyət göstərir. Azərbaycanda almaz və digər qiymətli daşların qiymətləri əsasən Belçika (Antverpen), İsrail, Hindistan və BƏƏ kimi mərkəzlərdə tətbiq olunan qiymət siyahılarına uyğun olaraq formalaşır. Hesablama əsasən Rapaport qiymət cədvəlləri üzərindən aparılır. Həmçinin son illər laboratoriyada yetişdirilən (süni) almazlara da tələbat artmaqdadır.

Daşların qiyməti karat ağırlığına, rəng göstəricisinə, təmizlik dərəcəsinə və kəsim keyfiyyətinə əsasən müəyyən edilir”.

R.Əmircanov qiymətli daşların Azərbaycan bazarında satış qiymətlərini də açıqlayıb:

"Hazırda 0.30–0.50 karatlıq brilyant daşlara tələbat daha yüksəkdir və bu seqment orta büdcəli alıcılar üçün daha əlverişli hesab olunur.1 karat və yuxarı daşlar isə həm investisiya, həm də xüsusi hədiyyə kimi geniş üstünlük təşkil edir. Safir, yaqut və zümrüd kimi daşlarda müəyyən azalma müşahidə edilsə də, ümumi bazar aktivliyi qorunur və satışlar davam edir.

Ümumilikdə, ölkəmizdə ən çox satılan məmulatlar brilyant qaşlı zərgərlik məhsullarıdır. Digər qiymətli və yarıqiymətli daşlara da tələbat sabitdir və bu kateqoriyaların öz alıcı auditoriyası mövcuddur”.

İqtisadçı qeyd edib ki, hazırda qızıl bazarında qiymətlər daha çox qlobal birjalardakı dəyişikliklərin təsiri ilə formalaşır.

"Azərbaycan bazarında 585 və 750 əyarlı qızıl üzrə alıcılıq sabitdir. Külçə və sikkə qızıl investorlar arasında daha çox populyarlıq qazanır. Qiymətli daş bazarında ciddi dalğalanma yoxdur və satışlar stabil davam edir. Ümumilikdə, alıcı davranışında kəskin azalma qeydə alınmır, yalnız seqmentlər üzrə dəyişikliklər müşahidə olunur.

Mövcud tendensiyalar fonunda ilin sonuna doğru qızılın 1 unsiyasının 4 200–4 400 ABŞ dolları intervalında ticarət olunması ehtimal olunur”,-deyə o əlavə edib.

O tövsiyə edib ki, alış zamanı vətəndaşlar yalnız etibarlı mağazalara üstünlük versinlər və mütləq şəkildə rəsmi sertifikat tələb etsinlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->