(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb.)
Azərbaycan hökuməti növbəti ilin dövlət büdcəsində kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsinə rekord vəsait ayıracaq. Maliyyə naziri Sahil Babayevin parlamentdə açıqladığı rəqəmlərə görə, 2026-cı ildə aqrar sektora 1,2 milyard manat ayrılacaq ki, bu da proqnozlaşdırılan ÜDM-nin 15 faizinə bərabər olacaq. Məlumat üçün bildirək ki, ayrılan vəsait 2025-ci illə müqayisədə 18 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 126 milyon manat və ya 11,5 faiz çoxdur.
Kənd təsərrüfatına ayrılacaq bu vəsait ölkənin strateji maraqları, vətəndaşların dayanıqlı ərzaq təminatı və kənd təsərrüfatının davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bildirilir ki, ayrılan vəsait yalnız maliyyə dəstəyini təmin etməklə kifayətlənməyəcək, həm də su resursları, torpaq səmərəliliyi və yeni texnologiyaların tətbiqi kimi sahələrdə konkret nəticələr əldə etmək üçün istifadə olunacaq.
Bəs bu vəsait kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində real ehtiyacları qarşılayacaqmı?
Qaynarinfo-nun sualını şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, kənd təsərrüfatına ayrılan vəsaitin daha çox artırılması, ölkənin ərzaq təhlükəsizliyinə daha çox diqqətin ayrılmasından irəli gəlir:
"Burada məqsəd kənd təssrüfatı istehsalını yüksəltməkdir. Bu istiqamətdə idxaldan böyük asılılıq var, bu, asılılığın azaldılmasıdır. Böyük ehtimal ki, ayrılan vəsaitlə sığorta problemlərinin də həllinə yönəlik müəyyən məsələlər olacaq”.
Kənd təsərrüfatı sahəsində olan problemlərdən də danışan iqtisadçı bildirib ki, bu sahədə olan probremləri iki yerə bölmək olar:
"Bunlardan biri maddi, digəri isə qeyri-maddi ehtiyacdır. Yəni, büdcə ayırmaları vasitəsi ilə maddi ehtiyacın qarşılanması məsələsi həllini tapır. Birmənalı olaraq qeyd etməliyəm ki, kənd təsərrüfatında olan problemlərin heç də hamısı büdcə məsələləri deyil. Hətta büdcədən daha böyük rəqəmlər ayrılmış olunsa belə, kənd təsərrüfatında olan müəyyən problemlər öz həllini köklü səviyyədə tapmasa, ayrılan vəsait qarşıya qoyulan məqsədə çatmağa tam yetərli olmayacaq. Məsələn, su resurslarının ədalətsiz bölgüsü bir çox regionumuzda müşahidə edilir. Torpaqların səmərəsiz istifadəsinə böyük ölçüdə rast gəlinir. Bu problemlər qaldıqca ayrılan vəsait kənd təsərrüfatının bütün problemlərini həll edə bilməz. Amma bütün hallarda bu qədər vəsaitin ayrılması ən azından müəyyən istiqamətdə olan problemləri həll edə bilər”.
Növbəti il üçün ayrılması nəzərdə tutulan vəsaitin ehtiyacları qarşılayıb-qarşılamayacağı haqqında da danışan Eldəniz Əmirov bildirib ki, bu vəsait problemlərin həllinin müəyyən qismini qarşılaya bilər. Su infrastrukturunun yenilənməsinə, kənd təsərrüfatına xidmət edəcək digər infrastrukturların qurulmasına, bu sahəyə yeni texnologiyaların gətirilməsinə müsbət töhvələr verə bilər. Bu sahədə olan problemlərin tam həll olunmasına çoxlu vəsait lazımdır. Amma hazırkı fiskal siyasət fonunda ölkənin bütün problemlərini bir maliyyə ilində həll etmək mümkün deyil”.
İqtisadçı son olaraq qeyd edib ki, bu vəsaitlərin hansı istiqamətdə sərf edilməsi və səmərəlilik dərəcəsindən asılı olaraq sonda onun effektivliyini görə bilərik. Səmərəli və konkret hədəfə yönəlik istifadə isə bu effektivliyi artıracaq.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Şərhlər