ABŞ-ın Nebraska ştatından olan respublikaçı konqresmen Don Beykon Ukrayna müharibəsinin bitməsi ilə bağlı Tramp administrasiyasının Rusiya ilə apardığı gizli danışıqları kəskin tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, bunu X sosial şəbəkəsindəki paylaşımında
bildirib.
Beykon vurğulayıb ki, Ukraynanın və Avropanın iştirakı olmadan Moskva ilə aparılan danışıqlara qəti şəkildə qarşıdır:
"Administrasiyanın ukraynalılarla deyil, ruslarla danışmasına və ukraynalıları "artıq fakt” kimi qəbul ediləcək razılaşmanı imzalamağa məcbur etmək istəyinə tamamilə qarşıyam. Avropanı prosesdən kənarda saxlamaq axmaqlıqdır. ABŞ Cənubi Vyetnam və Əfqanıstanla bağlı da eyni səhvi etmişdi. Bu, 1938-ci ilin Münhenini xatırladır”.
Konqresmenin bu reaksiyası "Politico” jurnalisti Daşa Bernsin paylaşımından sonra gəlib. Jurnalist yazıb ki, Ağ Evin yüksəkvəzifəli nümayəndəsi onunla söhbətdə Rusiya və Ukrayna arasında sülh razılaşmasının "hətta bu həftə” imzalana biləcəyini deyib və Vaşinqtonun Ukraynanın Uitkoffun Rusiya ilə razılaşdırdığı şərtləri qəbul etməyə hazır olduğunu düşündüyünü bildirib.
Bernsin sözlərinə görə, Ağ Evin Avropa müttəfiqlərinə münasibəti də sərtdir:
"Avropalılara gəldikdə?.. — Bizə görə onların heç bir əhəmiyyəti yoxdur”.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio gərginliyi yumşaltmağa çalışaraq bildirib ki, Vaşinqton təklifləri hər iki tərəfin mövqelərini nəzərə alaraq hazırlayır:
"Daimi sülhə nail olmaq üçün hər iki tərəf acı, amma zəruri güzəştlərə getməlidir”.
Alpər
Şərhlər