Çexiyada iki qatar toqquşub: ən azı 57 nəfər yaralanıb, onlardan beşi ağır vəziyyətdədir.
Qaynarinfo "Zdopravy.cz”a istinadla xəbər
verir ki, hadisə bu gün səhər tezdən Zliva və Devçitse arasındakı, Çexski-Budeyevitse rayonu yaxınlığında baş verib.
Burada sərnişin ekspresi ilə şəhərətrafı qatar üzbəüz toqquşub. Cənub-Çexiya xilasedicilərinin nümayəndəsinin sözlərinə görə, 57 nəfər xəsarət alıb, onların beşi ağır yaralanaraq Çexski-Budeyevitsedəki xəstəxanaya yerləşdirilib. Doqquz nəfərin xəsarəti orta ağırdır, təxminən 25 nəfər isə yüngül xəsarətlər alıb.
MİA-ların məlumatına görə, yaralılar Çexski-Budeyevitse, Pisek, Strakonitse və Praxatitse xəstəxanalarına aparılıb.
Qəzanın səbəbi hələ məlum deyil — bunu Dövlət Dəmir Yolu Nəqliyyatı Müfəttişliyi araşdırır. Polis artıq "ümumi təhlükə yaratma” maddəsi ilə cinayət işi açıb.
İlkin versiya: qatar "Dayan” siqnalını keçib?
Cənub-Çexiya bölgəsinin rəhbəri Martin Kuba hadisə yerində jurnalistlərə bildirib ki, qeyri-rəsmi məlumatlara görə, qatarların birinin "Stop” siqnalını keçdiyi güman edilir. Dəqiq səbəbi istintaq müəyyən etməlidir. "Zdopravy.cz” yazır ki, ehtimal ki, ekspress qatar qadağanedici siqnalı görməzlikdən gəlib.
Qəza səbəbindən Çexski-Budeyevitse–Plzen marşrutu boyunca qatarların hərəkəti tam dayandırılıb. Çex Dəmir Yolları sərnişinlər üçün avtobuslarla əvəzedici nəqliyyat təşkil edib.
Alpər
Şərhlər