Xəbər lenti

Dünya 18:56 24.04.2025

"Microsoft" səmərəsiz əməkdaşlara könüllü istefa üçün pul təklif edir

"Microsoft" şirkəti məhsuldarlığı aşağı olan əməkdaşlar üçün yeni yanaşma tətbiq etməyə başlayıb. Bundan sonra bu kateqoriyaya aid olan şəxslərə iki seçim təklif olunur: ya səmərəliliyin artırılması proqramında (Performance Improvement Plan - PIP) iştirak etmək, ya da maliyyə kompensasiyası müqabilində könüllü olaraq işdən ayrılmaq. Əks halda, proqram nəticəsində işdən azad edilə bilərlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Şirkət menecerlərinə göndərilmiş daxili məktubda bildirilir ki, bu yeni sistem "qlobal şəkildə razılaşdırılmış" effektivliyin artırılması planına əsaslanır və "dəqiq gözləntilər və yaxşılaşma müddətləri"ni əhatə edir.

Tədbiq olunan sistemə əsasən, əməkdaşlar ya PIP proqramına qoşulmalı, ya da "qlobal könüllü əmək münasibətlərinə xitam verilməsi sazişi" (Global Voluntary Separation Agreement - GVSA) çərçivəsində istefaya getməlidirlər. "Microsoft"un baş insan resursları direktorunun göndərdiyi məlumatda göstərilir ki, bu proses il boyu əlçatandır və şirkətə məhsuldarlıq problemlərinə operativ reaksiya verməyə imkan verir, eyni zamanda əməkdaşlara seçim imkanı tanıyır.

Başqa bir daxili sənəddə qeyd olunub ki, istefa sazişini qəbul edən əməkdaşlara 16 həftəlik əməkhaqqı miqdarında təzminat ödənilir. Həmin əməkdaşlara qərar vermək üçün beş gün vaxt verilir. Əgər əməkdaş PIP proqramında iştirak etməyə qərar verərsə, bu halda kompensasiya almaq imkanı ləğv olunur.

Qeyd edilir ki, bu yeni sistemin tətbiqi ABŞ-dan kənarda olan ofislərdə yerli qanunvericilik fərqlərinə görə dəyişə bilər. "Microsoft" bu məsələyə münasibət bildirməkdən imtina edib.

"Microsoft"da baş verən bu dəyişikliklər texnoloji sənayedə ümumi meyl olan məhsuldarlığa tələblərin sərtləşdirilməsi və işəgötürən sadiqliyinin azalması fonunda həyata keçirilir. Qeyd edək ki, cari ilin əvvəlində şirkət səmərəsiz hesab edilən 2000 əməkdaşı heç bir təzminat ödəmədən işdən azad etmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->