Səyahət zamanı baqajın təhlükəsiz və vaxtında təyinat nöqtəsinə çatdırılması sərnişin təcrübəsinin vacib hissəsidir. Azərbaycan Hava Yolları (AZAL) rəqəmsal izləmə sistemləri və əməliyyat mexanizmləri vasitəsilə hər gün minlərlə baqajın çeşidlənməsi, izlənməsi və təyinat məntəqəsinə çatdırılmasını təmin edir.
Sərnişinlərin öncədən baqaj qaydaları ilə tanış olması, həmçinin fors-major vəziyyətlər zamanı müraciət prosedurları barədə məlumatlılığı səyahətin daha rahat və planlı keçməsinə şərait yaradır.
Gecikmiş, itmiş və ya zədələnmiş baqaj: sərnişinlər üçün müraciət mexanizmləri
Baqajla bağlı müraciətlər beynəlxalq aviasiya qaydalarına uyğun şəkildə araşdırılır və hər bir vəziyyət fərdi qaydada qiymətləndirilir. Bəzi situasiyalarda əlverişsiz hava şəraiti, transfer zamanı intensivlik, baqajın emalı zamanı texniki nasazlıqlar, eləcə də baqaj etiketlərinin zədələnməsi və ya itməsi səbəbindən baqajın gecikməsi, zədələnməsi və ya itməsi halları baş verə bilər.
• Belə vəziyyətlərdə sərnişinlər çatdıqları hava limanında "Tapıntılar və itkilər” ("Lost and Found”) xidmətinə müraciət etməli və Baqajın qüsur aktını ("Property Irregularity Report” — PIR) doldurmalıdırlar. Bu zaman müraciətçiyə baqajın izlənilməsi üçün unikal müraciət nömrəsi ("file reference” və ya "locator number”) təqdim olunur. Müraciət nömrəsinə əsasən araşdırma prosesinə başlanılır, baqajla bağlı hər hansı bir yenilik olduqda sərnişin bu nömrə vasitəsilə müraciətin statusu ilə bağlı ətraflı məlumat əldə edir.
• Əlavə məlumat əldə etmək və ya əlavə suallar yarandığı halda AZAL sərnişinlər
[email protected] elektron ünvanına müraciət edə və ya (+994 12) 497 26 00 (30-81, 22-05) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
• Bundan başqa, itmiş və ya zədələnmiş baqajla bağlı AZAL-ın rəsmi veb-saytında yerləşən forma vasitəsilə də müraciət etmək olar:
Baqajla bağlı istənilən problem yarandığı zaman AZAL sərnişinlərə operativ dəstək göstərir, məsələnin həlli sürətlə təmin edir və ya zərurət yaranarsa, mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görür. Həmçinin beynəlxalq praktikaya uyğun olaraq, zədələnmiş baqajın təmiri üçün sərnişin uyğun xidmət göstərən şirkətə yönləndirilir.
Şərhlər