"Neftçi" rəhbərliyi kamerunlu hücumçu Vensan Abubakarla bağlı qərarını qətiləşdirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, afrikalı ulduz ilə əməkdaşlığa son qoyulacaq.
Baş məşqçi Yuri Vernidub 34 yaşlı forvardın hazırlıq səviyyəsindən razı qalmayıb və rəhbərliyə növbəti mövsüm bu futbolçunun xidmətinə ehtiyac duymadığını bildirib. Sözügedən oyunçunun bakılılarla müqaviləsində "+1" bəndi olsa da, tərəflər əməkdaşlığı davam etdirməməklə bağlı qarşılıqlı razılığa gəliblər. Abubakarla yolların ayrıldığının yaxın saatlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin oktyabrında azad agent qismində Bakı klubuna qoşulan Abubakar Premyer Liqa və Azərbaycan Kubokunda 18 matça çıxaraq 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bundan başqa, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin, monteneqrolu yarımmüdafiəçi Edvin Kuç və dayaq yarımmüdafiəçisi Elvin Camalov da komandanı tərk edəcək.
Baş məşqçi Yuri Vernidub müqavilə müddətləri başa çatan bu futbolçuların növbəti mövsüm üçün planlarına daxil olmadığını bildirib. Klubla müqaviləsində "+1" bəndi olan Abubakarla yollar qarşılıqlı razılıq əsasında ayrılıbsa, eyni durumda olan Camalovla bu yöndə danışıq aparılır.
Şərhlər